Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrlərə dair hesabat yığıncağı keçirildi.

22 fevral 2017 | 16:00

22 fevral 2017-ci il tarixdə keçirilən hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun məruzəsi dinlənilib, çıxışlar olub. Vurğulanıb ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı, sosial layihələrin icrası istiqamətində ciddi tədbirlər görülüb və uğurlu nəticələr qazanılıb. Bu, makroiqtisadi göstəricilərdən də aydın görünür. Belə ki, hesabat ilində ümumi məhsul buraxılışının həcmi 130 milyon 277 min manat olub ki, bu da 2015-ci illə müqayisədə 18,1 faiz çoxdur. O cümlədən kənd təsərrüfatı məhsullarının ümumi həcmi 22,5 faiz artaraq 56 milyon 742,4 min manata, sənayedə 10,6 faiz artaraq 1 milyon 482 min manata çatıb. Ötən il əsas kapitala yönəldilən investisiya 93 milyon 805,8 min manat təşkil edib ki, bu da 2015-ci ildəkindən 2,4 dəfə çoxdur.
    Məruzə və çıxışlarda kənd təsərrüfatının aparıcı sahələri olan taxılçılıqda, habelə heyvandarlıqda qazanılan uğurlardan ətraflı danışılıb. Qeyd edilib ki, ötən il 24 min 645 hektar sahədən 55 min 43 ton taxıl istehsal edilib. Hər hektardan 22,3 sentner məhsul götürülüb ki, bu da dəmyə şərait üçün heç də aşağı göstərici deyil.
    Hesabat yığıncağında rayonlarda həyata keçirilən sosial layihələrdən, tikinti-quruculuq və abadlıq işlərindən də geniş bəhs olunub. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi başa çatdırılıb. Qobustanda cəzaçəkmə müəssisələrindən azad olan şəxslər üçün tikilən Sosial Adaptasiya Mərkəzinin inşası yekunlaşıb. Cəmcəmli kəndində tibb məntəqəsinin, 50 çarpayılıq mərkəzi xəstəxananın, su-kanalizasiya şəbəkəsinin və digər sosial obyektlərin tikintisi davam etdirilir. Üç nəfər Qarabağ müharibəsi əlili və bir şəhid ailəsi üçün fərdi yaşayış evinin, Qobustan şəhərində 624 şagird yerlik üçmərtəbəli məktəb binasının tikintisinə başlanılıb.
    Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı sahəsində görülən işlər, habelə həllini gözləyən məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.
    Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Rüfət Gülməmmədov çıxış edib, qarşıda duran konkret vəzifələrdən danışıb.
   Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

 

 

Keçidlər