Şriftin ölçüsü :

Saytın rəngi :

Əbülfəz İbrahimov adına Nabur kənd tam orta məktəbində “İslam həmrəyliyi və radikalizm. Əks qütblər” mövzusunda tədbir keçirilmişdir.

11 aprel 2017 | 16:00

   Aprelin 11-də Qobustan Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qobustan Rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və radikalizm. Əks qütblər” mövzusunda tədbir keçirilmişdir. Qobustan rayonu  Əbülfəz İbrahimov adına Nabur kənd tam orta məktəbində keçirilən tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan şəhəri “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, Nabur bələdiyyəsinin sədri Şükür Şükürov, kənd məscidinin dini icmasının sədri Babaxan Xocaməmmədov, məktəb rəhbərliyi, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər.
    Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunmasından, xalqımızın multikultural, tolerantlıq ənənələrinin bu gün dünya ölkələrinə nümunə olmasından bəhs etmişdir. Natiq öz çıxışında radikal cərəyanların hər zaman bu tolerantlıq ənənələrini pozmağa çalışdıqlarını, onlara qarşı daim mübarizə aparılmalı olduğunu xüsusi qeyd etmişdir.
    Tədbirdə çıxış edən DQİüDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov,Qobustan şəhər “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov,  kənd məscidinin dini icmasının sədri Babaxan Xocaməmmədov öz çıxışlarında  İslam dininin elmə böyük önəm verməsindən, bölgədə tarixən ənənəvi dindarlıq motivlərinin güclü olmasından, radikal cərəyanlarıın əsl mahiyyətindən, onlara qoşulmağın hansı fəlakətlərə səbəb olacağından söz açmışlar. Çıxış edənlər ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin, multikultural dəyərlərin bir sıra dünya ölkələrinin nüfuzlu ali təhsil ocaqlarında fənn kimi tədris edilməsindən, Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin İslam Həmrəyliyi İli elan olunması ilə ölkəmizin böyük və şərəfli bir missiyanı üzərinə götürməsindən bəhs edərək dövlətimizin dindarlara yaratdığı şəraiti vurğulamışlar.
    Məktəbdə “Həyat bilgisi” fənnini tədris edən Nabur kənd tam orta məktəbinin direktor müavini Nadir Babayev bu cür tədbirlərin məktəblilərin maarifləndirilməsi istiqamətində mühüm əhəmiyyətə malik olduğunu qeyd edərək, şagirdlər arasında zərərli cərəyanların yayılmasına qarşı hər zaman mübarizə apardıqlarını bildirmişdir.
   Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər