Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunun içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri başa çatıb.

29 noyabr 2017 | 16:00

Mərasimdə iştirak edən rayon icra hakimiyyəti başçısının müavini Məharət Əkbərov, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndəsi Fuşimi Kaçytoşi, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Təsi su mənbəyini gəzib, burada idarəetmə sistemi, nasos stansiyası və digər xidmət sahələrindəki müasir texniki avadanlıqlarla tanış olublar.

Kənd sakinləri qarşısında çıxış edənlər bildiriblər ki, sözügedən layihə üzrə müqavilə Yaponiya Hökuməti ilə Azərbaycan Hökuməti arasında 2009-cu ilin fevralında imzalanıb və dəyəri 319 milyon ABŞ dolları təşkil edir. Layihə Azərbaycanın 5 şəhər və rayonunda - Xaçmaz, Xızı, Qusar, Qobustan və Naftalanda su təchizatı və kanalizasiya sistemini təkmilləşdirməyi nəzərdə tutur. Layihədən faydalanacaq əhalinin ümumi sayı Qobustan da daxil olmaqla, 91 min 800 nəfərdir. Layihə Qusar, Naftalan və Qobustanda artıq başa çatıb, Xaçmaz və Xızı rayonlarında isə 2018-ci ildə yekunlaşacaq.

Qobustanda layihənin başa çatması ilə Təsi, Bədəlli, Ərəbqədim, Göydərə, Dərəkənd, Cəmcəmli kəndlərinin və şəhərin, ümumilikdə, 12 min nəfər əhalisi fasiləsiz içməli su ilə təmin olunub. Tullantı sularının təmizlənib zərərsizləşdirilməsi üçün gələcəkdə Qobustan şəhərində məhsuldarlığı sutkada 2500 kubmetr olacaq sutəmizləyici qurğu da inşa ediləcək.

Sonda qonaqlar su mənbəyinin həyətində ağac əkiblər.

Keçidlər