Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin təşkilatçılığı ilə Mingəçevirdə müasir dövrdə ölkəmizdə etno-siyasi və dini durumla bağlı zona müşavirəsi keçirilib.

01 may 2018 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin təşkilatçılığı ilə Mingəçevirdə müasir dövrdə ölkəmizdə etno-siyasi və dini durumla bağlı zona müşavirəsi keçirilib.

    Aprelin 27-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan zona müşavirəsində Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Qobustan, Ağsu, Göyçay, Ağdaş, Ucar, Kürdəmir, Zərdab və Şamaxı rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, dini qurumlarla iş üzrə komissiya sədrləri çıxış ediblər.
    Etibar Nəcəfov dinə dövlət qayğısından danışaraq ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda bu sahəyə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını xatırladıb, bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. E.Nəcəfov zərərli dini cərəyanlara qarşı maarifləndirmə və təbliğat tədbirlərinin vacibliyini vurğulayıb, bölgələr üzrə mövcud dini durum barədə məlumat verib.
    Qobustan rayonu İcra hakimiyyəti başçısının müavini-Dini qurumlarla iş üzrə komissiyanın sədri Təranə Güləliyeva çıxış edərək  rayonda mövcud olan dini durum barədə məlumat verib. O, bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Respublikamızda olduğu kimi Qobustan rayonunda da dini durum sabitdir. İstər məzhəblərarası, istərsə də dinlərarası münasibətlərdə heç bir ayrı-seçkiliyə yol verilmir. Rayon ərazisində 23 məscid və bir “Molokan-Ruhani dini icması fəaliyyət göstərir. Bunlardan 12 dini icma, həmçinin 1 molokan-ruhani dini icması qeydiyyatdan keçmişdir. Rayon İcra Hakimiyyəti yanında Dini İşlər üzrə Komissiyanın müntəzəm keçirilən iclaslarında rayondakı dini durum müzakirə edilir, mövcud problemlərin həlli yolunda görülən tədbirlər müəyyənləşdirilir. Tərəfimizdən rayonun bütün təhsil ocaqlarında, idarə və müəssisələrində dini radikalizm və onun fəsadları, multikultural dəyərlər, milli-mənəvi dəyərlərimizlə bağlı silsilə tədbirlər həyata keçirilib və keçirilir. Belə tədbirlərdə nüfuzlu ağsaqqalların və din xadimlərinin söhbətləri ilə yanaşı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” və “Şəhadət” filmlərinin nümayişi öz müsbət nəticəsini göstərir. T.Güləliyeva həmçinin qeyd edib ki, dini durumla bağlı fəaliyyətimizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı Regional Şöbəsi, Qafqaz Müsəlmanları İdarəsinin bölgə nümayəndəliyi, rayonun hüquq-mühafizə orqanları ilə əlaqəli qurmağa üstünlük veririk. Qobustan Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən rayonun imamları, Xilmilli kənd Xristian-Molokan dini icmasının üzvləri və nüfuzlu ağsaqqalları ilə müntəzəm görüşlər keçirilir. Keçirilən görüşlərdə dini durumla bağlı müzakirələr aparılır, qeyri-ənənəvi dini radikal cərəyanlar, onların cəmiyyətimizdəki mənfi rolu barədə məlumatlar verilir. Aparılmış söhbətlər, görülmüş təbliğati işlər nəticəsində hazırda rayonumuzun Heydər məscidində cümə günləri vəhdət namazları qılınır. Həmçinin rayon ərazisində yaşayan molokanların bütün dini bayramlarında rayon dindarları, Rayon İcra Hakimiyyətinin işçiləri eləcə də, ictimaiyyətin nümayəndələri fəal iştirak edirlər. Tərəfimizdən radikal dini cərəyanlara cəlb olunmuş sakinlərimizin müəyyən edilməsi, onların belə cərəyanlardan kənarlaşdırılması və radikal dini cərəyanlara yeni insanların, xüsusilə də gənclərin cəlb edilməməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir və müsbət nəticələr əldə olunur.
   Sonra məruzələr ətrafında müzakirələr aparılıb.
   Qeyd edək ki, müşavirədə hüquq mühafizə orqanlarının nümayəndələri, regional təhsil və mədəniyyət idarələrinin müdirləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin regional bölmələrinin rəhbərləri də iştirak edib.

Keçidlər