Şriftin ölçüsü :

Saytın rəngi :

10 sentyabr 2018–cı il tarixdə Qobustan rayon Gənclər Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib.

10 sentyabr 2018 | 16:00

        10 sentyabr 2018-cı il tarixdə Qobustan rayon Gənclər Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi. Konfransda 207 nəfər nümayəndə, Təhsil Nazirliyinin məsul əməkdaşı  İnsan resursları şöbəsinin baş məsləhətçisi Zöhrab Kəlbaliyev, Qobustan RİH başçısı Adil Məmmədov, idarə, müəssisə rəhbərləri və icitimaiyyətin nümayəndələri iştirak edirdilər.   
       Qobustan RTŞ-nin müdiri Füzuli Gülalıyev “2017-2018-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etdi. Qobustan rayonunda 30 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 18-i tam orta, 9-u ümumi orta, 3-ü isə ibtidai məktəblərdir. Ötən tədris ilində rayonun ümumtəhsil məktəblərində 5200 nəfər şagird təhsil almış, onların təlim-tərbiyəsi ilə 536 nəfər müəllim məşğul olmuşdur. Hesabat ilində ümumtəhsil müəssisələrində şəbəkə üzrə 334 sinif komplekti  təşkil  olunmuşdur. Rayon məktəblərindən 133 nəfər şagird respublikanın digər ümumtəhsil məktəblərinə  getmiş, 77 nəfər şagird isə təhsil almaq üçün rayonumuzun müxtəlif məktəblərinə qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyevin  diqqət və qayğısı nəticəsində son illərdə rayonumuzda 14 yeni məktəb binası tikilmiş, 8  məktəb əsaslı təmir edilmiş, məktəblərin maddi - texniki bazası möhkəmləndirilmiş, ən müasir avadanlıq və texniki qurğularla təmin olunmuşdur. Bu dərs ilində isə Şəhər 3 saylı tam orta məktəb üçün müasir tələblərə cavab verən 624 yerlik yeni məktəb binasında işlər yekunlaşmışdır. Təsi və Sədəf kənd ümumi orta məktəbləri üçün tikilmiş  modul tipli yeni məktəb binaları şagird və müəllimlərin istifadəsinə verilmişdir. Beləliklə, rayonumuzun məktəblərindən 82.5 % müasir tələblərə cavab verən təhsil ocaqlarıdır.  Qobustan  təhsilinin  inkişafına  göstərdiyi  əvəzsiz  diqqət  və  qayğıya  görə  hörmətli Prezidentimiz  İlham  Əliyev  cənablarına  öz dərin minnətdarlığımızı  bildiririk.
2017-2018-ci tədris ili “ Təhsildə Keyfiyyət ili “ elan olunmuşdur. Bununla əlaqədar olaraq Rayon Təhsil Şöbəsinin Tədbirlər planı hazırlanmışdır.
2017-ci ildə 82 nəfər şagirdimiz respublikanın müxtəlif  ali məktəblərinə qəbul olmuşdur. Bu il Kolleclərə qəbul olunan şagirdlərin sayı isə 40 nəfərdən artıqdır. Ali məktəblərə qəbul olunan abituriyentlərin topladığı ballar da ötən dərs illəri ilə müqayisədə çox yüksəkdir. Belə ki, 15 nəfər məzun 500-dən çox bal toplamışdır. Bunlardan şəhər 3 saylı tam orta məktəbin şagirdi Vəzirov Üzeyir 670 bal, şəhər 1 saylı tam orta məktəbin şagirdi Kamalov Mikayıl 660 bal, Sündü kənd tam orta məktəbin şagirdi Almazova Lamiyə 654 bal, şəhər 1 saylı tam orta məktəbin şagirdi Zeynallı Nihat 639 bal, Nabur kənd tam orta məktəbin şagirdi Zərbalıyeva Ləman 608 bal toplamışlar. Göründüyü kimi çox sevindirci haldır ki, rayonumuzun tarixində ilk dəfə olaraq 6 nəfər şagird 600-dən çox bal toplamışdır. 

        Təhsil Nazirliyinin məsul əməkdaşı Zöhrab Kəlbəliyev Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramovun adından rayon müəllimlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.
       RİH başçısı cənab Adil Məmmədov rayonda yeni inşa edilən məktəblər haqqında danışdı. Təhsil sahəsində müəllimlərin və ictimaiyyətin qarşısında duran vəzifələrdən, müəllim əməyinin ucalığından söhbət açdı. A.Məmmədov qeyd etdi ki, kənarda heç bir uşaq qalmamalıdır. Ali və orta ixtisas məktəblərinə qəbul olmayan uşaqlar isə müxtəlif peşələrə  yiyələnməlidirlər. Rayonumuzda müxtəlif peşələrə tələbat vardır.
       Çıxışlardan sonra 21 nəfərdən ibarət Təhsil Şurasının tərkibi təsdiq olundu. Qərar layihəsi oxundu. Konfrans iştirakçıları adından Ölkə Prezidentinə müraciət ünvanlandı.
       Sonda qəbul imtahanında 550 - dən yüksək bal  toplayaraq ali məktəblərə qəbul olan məzunlar və öz işində fərqlənən müəllimlərə fəxri fərman və mükafatlar təqdim olundu.

 

 

 

Keçidlər