Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlik- Vətənpərvərliyin ən ali məqamıdır! Şəhid Müstəcəbov Orxan Ələsgər oğlu dəfn edildi.

05 aprel 2016 | 16:00

Şəhidlik- Vətənpərvərliyin ən ali məqamıdır!
              Şəhid Müstəcəbov Orxan Ələsgər oğlu dəfn edildi.

    Bu ucalığa yüksələnlərin  ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin harayına səs verdi - ölümün gözünə dik baxdılar!  Belə şərəfli ömür sahiblərindən biri də həmyerlimiz, Müstəcəbov Orxan Ələsgər oğludur.  Orxan rayonun  Bədəlli kəndində anadan olmuş, orta məktəbi də burada bitirmişdir. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsindən hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdə olarkən dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanla, təşəkkürnamə ilə təltif edilən Orxan zabitlik kursunu da müvəffəqiyyətlə başa vuraraq  ixtisası üzrə fəaliyyət göstərir. Məlum olduğu kimi bir neçə gün öncə, aprel ayının 2-də  Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədərək təmas xəttində yerləşən mövqelərimizə hücum çəkdi, yaşayış məntəqələrimizi atəşə tutdu.  Amma çox böyük qürurla deyə bilərik ki, Azərbaycan ordusu  düşmənə sarsıdıcı zərbələr  vurdu. Ordumuz nəinki təxribatın qarşısını ala bildi, eyni zamanda daha əlverişli hərbi mövqeləri ələ keçirdi  və təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində böyük hərbi qələbələr qazandıq.  Lakin, bu qələbə təbii ki, bizə itkisiz  başa gəlmədi. Döyüş zamanı hərbiçilərimiz və mülki şəxslər qəhrəmancasına həlak oldular. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanlar içərisində həmyerlimiz Müstəcəbov Orxan Ələsgər oğlu  da var idi. Aprel ayının 5-də şəhid gizirin nəşi gətirilərək rayonunun Yekəxana kəndindəki məzarlıqda, atasının yanında torpağa tapşırıldı. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qobustan Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də kənd sakinləri və rayon ictimaiyyəti də iştirak edirdilər. Mərasimdə "Şəhidlər ölməz, Vətən bölünməz" sədaları səsləndirildi, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salındı. Mərasimdə şəhidin qardaşı Röyal Müstəcəbov qardaşı Orxanla qürur duyduğunu bildirərək  ”Təki Vətən sağ olsun! Vətən yaşasın!”-dedi. R.Müstəcəbov bildirdi ki, Orxan özü könüllü olaraq bu yolu seçdi.  Hərbi xidməti başa vurduqdan sonra “torpaqlarımız azad olana qədər hərb sahəsində çalışacağam”-dedi. O, daim öz peşəsi ilə öyünərək, doğma Qarabağımızın erməni qəsbkarlarından alınacağı günü, Ali BaşKomandanın əmrini səbirsizliklə gözləyirdi. Sanki qardaşım öz istəyinə nail oldu, bir hərbiçi kimi böyük vətən sevgisi ilə şəhidlik zirvəsini fəth edə bildi.
        Şəhidin dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi, polkovnik-leytenant  Mərdan Nəhmətov,  Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov, Heydər məscidinin imamı Çingiz Babaşov və başqaları çıxış edərək  torpaq uğrunda şəhid olmağı ən ali zirvə hesab etdiklərini, onların daim elin yaddaşında xatırlanacağını vurğuladılar.  Bildirildi ki, Orxan Müstəcəbovun qəhrəmanlıqla şəhid olması vətənə məhəbbətin ən ali təzahürüdür.
        Bəli, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu zirvəyə ucalanlar isə heç zaman ölmürlər.
      Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar.
       Allahın insanlara göndərdiyi müqəddəs “Qurani-Kərim”də buyurulur: “Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz” (Bəqərə, 2/154). Şəhidlik ölümlərin ən şərəflisidir.
       Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıq, həyəcan içində yaşayar.

Keçidlər