Şriftin ölçüsü :

Saytın rəngi :

RİH – nin Başçısının Cəmcəmli kənd sakinləri ilə görüşü keçirildi.

21 aprel 2016 | 16:00

RİH – nin  Başçısının Cəmcəmli kənd sakinləri ilə görüşü keçirildi.


RİH - nin Başçısı Adil Məmmədovun Cəmcəmli kəndində sakinlərlə görüşü keçirildi. Görüşdə eyni zamanda aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edirdi.
Söz RİH – nin başçısının Cəmcəmli kəndi üzrə nümayəndəsi Əhmədov Şirvana verildi:
Hörmətli başçı, qonaqlar və yığıncaq iştirakçıları, xoş gəlmişsiniz. Sizləri Cəmcəmli kənd sakinləri adından salamlayıram. Məlumat üçün bildirirəm ki, nümayəndəliyin ərazisində 1350 nəfər olmaqla, 260 təsərrüfat var. Kənd sakinlərinin əksəriyyəti əkinçilik və heyvandarlıqla məşğuldur. Əhali tərəfindən 730 ha buğda və 360 ha arpa əkilmişdir. 930 ha sahəyə yemləmə gübrəsi verilmişdir ki, bu da ümumi sahənin 85 % - ni təşkil edir. Ziyanvericilərə qarşı mübarizə də tam aparıldığından sahələrdən bol məhsul gözlənilir.
Kənddə daş karxanası da fəaliyyətini davam etdirir. Burada da 8 nəfər işlə təmin olunmuşdur.
İşlədiyim az müddət ərzində elə bir çətinliyim olmayıb. Kənd sakinləri də kəndin abadlaşdırılmasında bizə yaxından dəstək olublar. Bu yaxınlarda kənd yolunun kənarında əkilmiş ağacların quru budaması aparılmışdır. Kənd sakinləri ilə işbirliyi yaradırıq və hər bir problemi yerində həll etməyə
çalışırıq.
Cəmcəmli kənd bələdiyyəsinin sədri Svetlana Tapdıqova söz alaraq görülmüş işlərdən danışır. Belə ki, bələdiyyəmizə pay torpaqları ilə bağlı heç bir şikayət daxil olmayıb.
Hərə öz pay torpağının sahibidir. Kənd sakinləri ilə mütəmadi olaraq iməciliklər keçiririk. Kənd yolunun kənarlarına və eləcə də yeni salınmış parkda ağaclar əkirik.
Kənddə bir neçə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar vardır. Onlardan bir neçəsinin fəaliyyəti “ Qobustan ” qəzetində işıqlandırılmışdır.
Kənd sakinləri tərəfindən 20 ha sahədə noxud və 4 ha sahədə kartof əkilmişdir. Üzümçülüyə olan maraq da artmışdır. Hətta qocaman müəllim – Vəfadar müəllim arı saxlamaqla məşğuldur. Çalışırıq ki, şəxsi təsərrüfatlara marağı artıraq.
Kənd sakini Abdulhəşim Tarverdiyev çıxışında son dövrdə Azərbaycan ordusunun göstərdiyi şücaətdən danışaraq, həmin döyüşlərdə şəhid olmuş hərbiçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Kəndə yeni təyin edilmiş icra nümayəndəsinə görə Adil müəllimə öz minnətdarlığını bildirdi. Sakinlərin sakit həyat tərzi ilə məşğul olmalarından söz açdı. Kənd yolunun təmir olunmasını xahiş etdi.
Sakinlərdən Qüdrət Əzizov, Fazil Abıyev də öz çıxışlarında kənd yolunun təmir olunmasını və yeni həkim ambulatoriyasının tikilməsini xahiş etdilər.
Çıxışa cavab olaraq söz alan, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn bildirdi ki, kənddə yeni həkim ambulatoriyasının tikintisinə yaxın günlərdə başlanacaq. Bu işdə kənd sakinlərinin də köməyinə ehtiyacımız olacaqdır. 
RİH – nin başçısı Adil Məmmədov çıxışında bildirdi ki, Cəmcəmli kənd sakinləri həqiqətən, işgüzardırlar. Mən bura gələndə sahələrə də baxmışam. Amma bəzi yerlərdə taxıl bitişi seyrəkdir. Bax, bunlarla vaxtında məşğul olmaq lazımdır.
Kənd təsərrüfatına maraq olduqca artmışdır. Əhaliyə gübrələrin güzəştli şərtlərlə və ziyanvericilərə qarşı sink fosfidin pulsuz verilməsi bunun bariz nümunəsidir. Qaldırdığınız məsələlər də tərəfimizdən həll olunacaqdır. Hörmətli Prezidentimiz həmişə kənd təsərrüfatını diqqət mərkəzində saxlayır. Odur ki, Sizlər də şəxsi təsərrüfatınızda olan əkinə, heyvandarlığa, quşçuluğa önəmli yanaşmalısınız.

Keçidlər