Şriftin ölçüsü :

Saytın rəngi :

QOBUSTANDA ÜZÜMÇÜLÜK VƏ ARIÇILIĞIN DA GENIŞ PERSPEKTIVLƏRI VAR

16 iyun 2016 | 16:00

Prezident İlham Əliyevin tövsiyə və tapşırığına müvafiq olaraq bölgələrdə kənd təsərrüfatı işlərinin gedişi vəziyyətinin, fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupu iyunun 16-da, günün birinci yarısında Qobustan rayonunda olub.
İşçi qrupunun üzvləri əvvəlcə təsərrüfatlarda olub, fermerlərlə, sahibkarlarla görüşüb, işlərin gedişi ilə maraqlanıblar. Hər il orta hesabla 350 ton yüksək keyfiyyətli toxum istehsal edilən Qobustan Bölgə Təcrübə Stansiyasının taxıl sahələri ilə tanışlıq zamanı stansiyanın direktoru Atabəy Cahangirov aparılan təcrübə, yetişdirilən yeni toxum sortları barədə ətraflı məlumat verib. Bildirib ki, son illər burada yeni 4 buğda, 2 arpa və 1 noxud sortu rayonlaşdırılıb.
İşçi qrupu, habelə, Zümrüd Şərifovanın direktoru olduğu M.Hüseynzadə adına toxumçuluq təsərrüfatının, sahibkar Telman Əhmədovun toxumçuluq təsərrüfatının taxıl zəmilərinə, Kamal Qafarovun arıçılıq təsərrüfatına baxış keçirib.
Sonra rayon icra hakimiyyətinin akt zalında mütəxəssislərin, aqrar sektorda çalışan sahibkarların və bu sahəyə xidmət edən idarə və təşkilatların, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov Qobustanda sosial-iqtisadi sahələrdə, xüsusən kənd təsərrüfatının ənənəvi sahələri olan taxılçılıq və heyvandarlıqda mövcud vəziyyət barədə konkret məlumat verib. Vurğulayıb ki, bu mövsümdə 24665 hektar sahədə taxıl əkilib. Artıq arpa biçininə başlanıb. Dəmyə şəraitində son 5 ildə taxılın məhsuldarlığının 10 sentner artırılmasına nail olunub. Əlbəttə, istər taxılçılığın, istərsə də təsərrüfatın digər sahələrinin inkişafı istiqamətində perspektivlər heç də az deyil.
Müşavirədə işçi qrupun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edib. O, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələri diqqətə çatdıraraq, yeni mərhələdə aqrar sektorun inkişaf istiqamətlərindən danışıb. Aqrar sahədə inkişafın əsas təməlinin toxumçuluq təşkil etdiyini vurğulayan A.Əmiraslanov bu gün milli toxumçuluq sisteminin yaradılmasının zəruriliyini bildirib və bu sahədə ölkəmizdə zəngin ənənənin, böyük potensialın olduğunu diqqətə çatdırıb.
Kənd təsərrüfatında ənənəvi sahələrin inkişafının yeni prinsiplərindən danışan işçi qrupunun rəhbəri bu sahədə dövlət dəstəyinin gücləndirildiyini, artıq pambıqçılıq və baramaçılıq sahələrində də subsidiyaların veriləcəyini söyləyib. Bu gün torpaqlardan səmərəli istifadə edilməsinin, ərzaq idxalının azaldılması istiqamətində ciddi işlərin aparılmasının önəmini qeyd edib.
A.Əmiraslanov rayonda ənənəvi sahələr olan taxılçılıq və heyvandarlıqla yanaşı, üzümçülüyün, arıçılığın perspektivlərindən də danışıb və rayonda bu sahələrdə zəngin təcrübənin olduğunu vurğulayıb.
Sonra müşavirə diskussiya şəraitində davam etdirilib, fermerləri, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Müşavirədə rütubətlə təmin edilməyən dəmyə əkinçilikdə yüksək məhsuldarlığa nail olmaq məqsədilə Pirsaat çayının Yekəxana kəndi ərazisində, Qozluçayın isə Xilmilli və Qaracüzlü kəndlərindən keçən hissəsində bəndlərin qurulması, nasos stansiyası və su hovuzlarının inşası yolu ilə 6 min hektar suvarma əkinçiliyinin yaradılması, yüksək məhsuldarlıq üçün herik şumunun stimullaşdırılması məqsədilə subsidiyaların verilməsi, istehsal olunan taxılın və digər kənd təsərrüfatı məhsullarının alışının yerində təşkili və sair təkliflər irəli sürülüb. Qaldırılan məsələlər araşdırılmaq və müvafiq tədbirlər görülmək üçün nəzarətə götürülüb.

Keçidlər