Şriftin ölçüsü :

Saytın rəngi :

QOBUSTANDA YENİ TAXIL SORTLARININ NÜMAYİŞİ VƏ TOXUMÇULUĞUN ELMİ ƏSASLARLA TƏŞKİLİNƏ HƏSR OLUNAN ELMİ-PRAKTİKİ MÜŞAVİRƏ OLUB

01 iyul 2016 | 16:00

Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında iyulun 1-də “Dəmyə bölgələrində yeni taxıl sortlarının nümayişi və toxumçuluğun elmi əsaslarla təşkili”nə həsr olunan elmi-praktik müşavirə keçirilib.
  Kənd Təsərrüfatı Nazirliyinin Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarındakı yerli qurumlarının nümayəndələrinin və toxumçuluq təsərrüfatları rəhbərlərinin iştirak etdikləri elmi-praktik müşavirədə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələrində görülən işlərdən, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.   Elmi-praktik müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək Azərbaycanda aqrar sektorun strateji istiqamətlərindən, bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Vurğulayıb ki, taxılçılığın inkişafı üçün başlıca vəzifə yeni, xəstəliklərə davamlı və məhsuldar sortların yaradılması, habelə müasir elmi-texniki yeniliklərə əsaslanmaqla becərmə işlərində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasıdır. Bir sıra hallarda taxılçılıqla məşğul olan fermerlər bu işləri heç də lazımi səviyyədə görmür, taxıl əkinində keyfiyyətli toxumlar əvəzinə adi ərzaq buğdasından istifadə edirlər. Bu isə son nəticədə məhsuldarlığın aşağı düşməsinə və gəlirlərin azalmasına səbəb olur.
Nazir bu vəziyyətdən çıxış yolu kimi bir sıra tədbirlərin görülməsini, xüsusilə fermerlər arasında maarifləndirmə işlərinin aparılmasını vacib sayıb. Müşavirdə yeni, məhsuldar taxıl sortları və onların perspektivləri barədə də ətraflı məlumat verilib. Mühüm strateji məhsul olan taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün torpaqdan səmərəli istifadənin zəruriliyi, növbəli əkin sisteminin üstünlükləri, herik şumunun vaxtında və keyfiyyətlə çıxarılmasının vaciblıyi də vurğulanıb.
Elmi-praktik müşavirədə iştirakçıların sualları cavablandırılıb, onlara taxıl əkinlərinin vaxtında, itkisiz biçilməsi və dərmanlanması barədə bilgilər verilib.
Sonra tədbir Qobustan Bölgə Təcrübə Stansiyasının əkin sahələrində davam etdirilib. İştirakçılar yetişdirilən taxıl sortları ilə sahədə tanış olublar. Məlumat verilib ki, təcrübə stansiyasının 254 hektar əkin sahəsində 3 mindən çox taxıl və digər dənli-paxlalı bitki sortu və nümunələri becərilir. Bunun 2500-dən çoxu buğda sortudur. Habelə, 100-dən çox noxud nümunəsi var. Fermerlər “Bezostiya-1”, “Qızıl buğda”, “Aran”, “Qüdrətli-48”, “Dəyanətli”, “Sultan” və digər buğda sortları ilə maraqlanıblar. Bildirilib ki, bu sortlar hər hektar üçün 40-50 sentner potensial məhsuldarlığa malikdir.
Nümayəndələr taxıl biçininin gedişi və yerin şumlanması proseslərini izləyiblər.
Daha sonra nazir Heydər Əsədov Qobustan rayon kənd təsərrüfatı idarəsinin yeni istifadəyə verilən inzibati binasında yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, müasir arxitektura üslubunda tikilən bina üçmərtəbəlidir, 24 otaqda hər cür lazımi iş şəraiti yaradılıb. Nazir Baytarlıq idarəsinə, Dövlət Toxum Müfəttişliyinin diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxıb. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.
Sonra kənd təsərrüfatı texnikalarına sürücülük vəsiqəsinin elektron qaydada verilmə prosesi ilə tanışlıq olub. Məlumat verilib ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız qeydiyyat imtahan məntəqəsi tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.
Daha sonra “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüş olub. Tədbirdə Qobustan, Ağsu, və Şamaxı rayonlarından olan 57 istifadəçiyə lizinqə verilən, ümumilikdə, 2 milyon 166 min 537,2 manat məbləğində 109 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 774 min 24,7 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 40 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəyən istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib. Bildirilib ki, “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olan elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, 5895 istifadəçinin lizinqə götürdüyü 13 min 168 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 69 milyon 248 min 588,3 manat məbləğində güzəşt tətbiq edilib.

 

Keçidlər