Şriftin ölçüsü :

Saytın rəngi :

02.12.2025-ci ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyətində istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə maarifləndirici tədbir keçirildi.

02 dekabr 2025 | 17:35

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdur. Sözügedən Sərəncam əsasında təsdiq olunmuş Tədbirlər Planının 4.8-ci “İstifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi” bəndinin icrası ilə bağlı Rayon Kommunal Müəssisələr Kombinatının işçiləri ilə birgə maarifləndirici tədbir keçirilmişdir.

     Tədbirin keçirilməsinin əsas məqsədi müəssisə və təşkilat işçiləri, eyni zamanda əhali arasında ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat verməkdən ibarətdir.

     Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov çıxış edərək bildirdi ki, yaşayış məntəqələrində gündəlik fəaliyyət nəticəsində çox böyük həcmdə kağız tullantısı yaranır. Bu tullantıların əksəriyyəti ofislərdə, məktəblərdə, müəssisələrdə, market və ticarət obyektlərində, eləcə də ev təsərrüfatlarında toplanır. Təəssüf ki, bir çox hallarda istifadə olunmuş kağız digər məişət tullantıları ilə qarışdırılır və bununla həm təkrar emal prosesi çətinləşir, həm də ekoloji zərər artır. Bu səbəbdən istifadə edilmiş kağız tullantıların toplanaraq təkrar emal müəssisələrinə verilməsi son dərəcə zəruridir. Bu məqsədlə əhalinin sıx olduğu ərazilərdə – parklar, küçələr, ticarət mərkəzləri və məktəblərin daxilində xüsusi kağız toplama konteynerlərinin artırılması, idarə və müəssisələrdə kağız tullantıları üçün qutuların ayrılması, aylıq şəkildə təkrar emal müəssisələrinə təhvil verilməsini təmin etməliyik. Məktəblərdə ekoloji kampaniyaların keçirilməsi, şagirdlərin kağız tullantılarını ayrıca toplaması üçün təşviq proqramlarının həyata keçirilməsi məqsədəuyğun olardı.

     Elektrik enerjisindən qənaətlə istifadə edilməsinin zəruriliyini vurğulayaraq artıq bu istiqamətdə rayonda mühüm addımların atıldığı diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, son illərdə şəhərdə işıqlandırma sistemində yalnız led lampalardan istifadə edilir, eyni zamanda itkilərə yol verməmək məqsədilə bütün işıqlandırma sistemlərində rele tənzimləyicilər quraşdırılmışdır. Şəhərin küçələrində bu il 50 ədəd günəş enerjisi ilə qidalanan işıqlandırma dirəyi quraşdırılmışdır. Olimpiya kompleksinin qarşısındakı park və Qobustan şəhər qülləsinin ətrafı da günəş enerjisi ilə qidalanan sistemlərlə işıqlandırılır. Eyni zamanda rayonun Sündü və Göydərə kəndlərində də  günəşlə qidalanan işıqlandırma sistemləri quraşdırılmışdır. 

     Fərdi yaşayış evlərində elektrik cihazlarından qənaətlə istifadə edilməsi, israfçılığın qarşısının alınması ilə bağlı görülməli olan işlər barədə geniş məlumat verildi.

     Tədbir diskussiya şəklində davam etdi.

Keçidlər