Səlim Müslümov Qobustanda 5 rayonun sakinlərini fərdi qaydada qebul edib
21.10.2016-cı il tarixdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qobustan rayonunda bu rayonun və Şamaxı, Ağsu, İsmayıllı, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.Qəbul zamanı vətəndaşların müraciətlərində dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun təminatına və bərpa müalicəsinə köməklik göstərilməsi, əmək hüquqlarının müdafiəsi, pensiya hüququnun müəyyən olunması və s. məsələlər əksini tapıb. Müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin bir qisminin həlli ilə bağlı nazirin tapşırığına uyğun olaraq yerindəcə müvafiq tədbirlər görülüb. Ayrı-ayrı şəxslərə yaşadıqları ərazi üzrə müəssisələrdə olan boş (vakant) iş yerləri barədə məlumatlar verilib və onlar seçdikləri iş yerlərinə göndərişlə təmin olunublar. S.Müslümov nazirliyin məşğulluq orqanları tərəfindən cari ildə aktiv məşğulluq tədbirlərinin bütün ölkə üzrə, o cümlədən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Göyçay rayonlarında da gücləndirildiyini qeyd edilib”.
S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının praktik icrası işlərinin Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Göyçay rayonlarında da davam etdirildiyini diqqətə çatdırıb: “Hazırda sakinlərini qəbul etdiyimiz bu beş rayon üzrə 80 nəfərdən çox işaxtaran və işsiz vətəndaş özünüməşğulluq proqramı üzrə təlim kursları keçirlər. Bu kursları bitirdikdən sonra həmin şəxslərdən uğurlu biznes-planlara sahib olan vətəndaşlar müvafiq Komissiya tərəfindən müəyyən ediləcək və onların özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər görüləcək”.Müraciət edənlərdən bir qismi bərpa müalicəsi xidmətləri, reabilitasiya vasitələri ilə təmin olunmaları üçün qeydiyyata götürülüblər.
Qəbul zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib ki, Qobustan rayonunun mərkəzində penitensiar müəssisələrdə cəza çəkib çıxmış şəxslərin cəmiyyətə adaptasiya mərkəzi tikilir”.
Nazir qeyd edib ki, 50 yerlik mərkəz yaxın vaxtlarda istifadəyə veriləcək. S.Müslümov bildirib ki, peşə sahibi olmaq istəyənlər həmin mərkəzə yönəldiləcək: “Kimlərin getməyə yeri yoxdursa, yaxud cəmiyyətə tam inteqrasiya ola bilmirsə, o zaman həmin şəxslər mərkəzə gedib orada iki aylıq adaptasiya kursu keçə bilərlər”.
Vətəndaşlar sosial cəhətdən həssas əhali qruplarından olan insanlara dövlət qayğısının artırılmasına, işsiz və işaxtaran vətəndaşlar üçün aktiv məşğulluq proqramlarının həyata keçirilməsinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.