12 noyabr 2026-cı il tarixində Sündü kəndində Vətən müharibəsi şəhidi Quliyev Həsən Yalçın oğlunun anım günü tədbiri keçirilmişdir.
12 noyabr 2026-cı il tarixində Sündü kəndində Vətən müharibəsi şəhidi Quliyev Həsən Yalçın oğlunun anım günü tədbiri keçirilmişdir. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, YAP Qobustan Rayon Təşkilatının sədri Qasım Qasımov, Hüquq-mühafizə orqanlarının rəhbərləri,Qobustan RİHBA-nın əməkdaşları, şəhidin ailə üzvləri, şəhid ailələri və Sündü kənd sakinləri iştirak edirdilər. Tədbir zamanı şəhid Quliyev Həsən Yalçın oğlunun məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri qoyulmuşdur.
Quliyev Həsən Yalçın oğlu 9 iyul 2002-ci ildə Qobustan rayonunun Sündü kəndində anadan olmuş,təhsilini Sündü kənd tam orta məktəbində almışdır.Təhsil illərində məsuliyyətli, nizam-intizamlı və çalışqan şagird kimi tanınmışdır. Orta məktəbi bitirdikdən sonra isə 2020-ci il iyul ayının 17-si hərbi xidmətə yola düşmüşdür. Xidmət dövründə Həsən nizam-intizamı, vətənə sədaqəti ilə seçilmişdir.Komandirləri tərəfindən nümunəvi əsgər kimi qiymətləndirilmişdir.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün Vətən müharibəsi başlayanda Həsən də öz döyüş yoldaşları ilə birlikdə əməliyyatlara cəlb olunmuşdur.O,Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərmiş, tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirmişdir. Noyabrın 1-i Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.12 noyabr 2020-ci ildə doğulduğu Sündü kəndində dəfn olunmuşdur.
Ölümündən sonra şəhid Həsən Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,“Vətən uğrunda” və “Cəsur döyüşçü ”medalları ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Həsən Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Allah rəhmət etsin.






