Şriftin ölçüsü :

Saytın rəngi :

DİN-nin Baş Dövlət Yol Polis İdarəsi rayon ictimaiyyəti ilə tədbir keçirdi

26 yanvar 2017 | 16:00

DİN-nin Baş Dövlət Yol Polis İdarəsi rayon ictimaiyyəti ilə tədbir keçeirdi
     26 yanvar 2017-ci il tarixdə Qobustan rayon İcra hakimiyyətinin akt zalında DİN-nin  Baş Dövlət Yol Polis İdarəsinin 3-cü tağımın komandiri, Polis mayoru Mərdan  Mehdiyevin təşəbbüsü ilə maarifləndirmə xarakterli tədbir keçirildi. Tədbirdə Qobustan rayonu İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov iştirak etdi.
     Geniş məruzə ilə çıxış edən polis mayoru M. Mehdiyev qeyd etdi ki, Bakı-Şamaxı yolu 13.5 km-dən başlayır, Binəqədi, Abşeron, Qaradağ, Qobustan, Şamaxı, Ağsu rayonlarını  əhatə edir. Ərazidə 2016-cı il ərzində cəmi 17 yol nəqliyyat  hadisəsi baş vermiş, 21 nəfər həlak olmuş, 4 nəfər bədən xəsarəti almışdır. 2015-ci il ərzində isə 23 yol nəqliyyat hadisəsi baş vermiş, 23 nəfər həlak olmuş, 14 nəfər bədən xəsarəti almışdır. Bu isə 2016-cı il ilə müqayisədə qəzaların sayının nisbətən azalması deməkdir. M.Mehdiyev sürücülərlə yanaşı piyadaların da adı çəkilən məsələdə məsul olmalarını diqqətə çatdıraraq bildirdi ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “Yol Hərəkəti Qaydaları” və Inzibati Xətalar Məcəlləsində yollarda baş verən yol-nəqliyyat hadisələrində sürücü ilə yanaşı, piyadanın da məsuliyyəti göstərilib. Qanunvericilik imkan verir ki, baş vermiş yol qəzalarında sürücü ilə yanaşı, piyadanın da məsuliyyəti müəyyənləşdirilsin və hadisəyə obyektiv hüquqi qiymət verilsin.
    M.Mehdiyev məktəb direktorlarına, bağça müdirlərinə bu mövzuda daim maarifləndirmə xarakterli tədbirlər keçirməyi tövsiyə etdi.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov  çox aktual mövzu ilə bağlı əhatəli məruzəsinə görə qonağa təşəkkürünü bildirdi.
    RİH başçısı vurğuladı ki, dövlət müstəqilliyimizin qorunmasında və möhkəmlənməsində Daxili İşlər Nazirliyinin müstəsna xidmətləri vardır. Eləcə də  Baş Dövlət Yol Polisi İdarəsinin rəhbəri, polis general-mayoru Ramiz Zeynalov və onun kollektivi həm ictimai asayişin qorunmasında, həm də insanların, sürücülərin  rahat gediş-gəlişinin, təhlükəsizliyinin təmin edilməsində hər zaman məsul olublar, öz layiqli töhfələrini veriblər.
      RİH başçısı son illərdə yollarda qəza vəziyyətinin azalmasında yeni, rahat yolların çəkilişinin böyük əhəmiyyətini vurğulayaraq dövlət başçısına bütün qobustanlılar adından təşəkkür etdi. “Polat”-Yol Yapı şirkətinin icraçılığı ilə çəkilən yeni Bakı-Şamaxı yolunda həm piyadalar, həm də heyvanlar üçün keçidlərin qoyulmasını əhalinin təhlükəsizliyinin qorunmasında böyük rolunu diqqətə çatdırdı. Rayon rəhbəri eyni zamanda mövzu ilə bağlı geniş maarifləndirmə tədbirlərinin aparılmasını vacib bilərək, avtomobil yolunun yaxınlığında yerləşən məktəblərin rəhbərlərini məsələdə xüsusi diqqətli olmağa çağırdı.
    Tədbirdə həmçinin Qobustan şəhər 1 saylı tam orta məktəbin direktoru İmran Sabirov, Çuxanlı kənd  tam orta məktəbinin direktoru Əmirağa Eyyubov və başqaları çıxış edərək  səslənən məsələlərin vacibliyindən, bu mövzuda tədbirlərin pedaqoji kollektiv və şagirdlər arasında da keçiriləcəyindən danışdılar. Belə maarifləndirmə tədbirlərinin tez-tez keçirilməsinin məqsədəmüvafiq olduğunu qeyd etdilər.      
      Qeyd edək ki, tədbirdə RİH-nin məsul şəxsləri, o cümlədən  Hüquq şöbəsinin müdiri, İƏD üzrə icra nümayəndələri, məktəb direktorları, bağça müdirləri və digər ictimaiyyət nümayəndələri iştirak etdilər.

Keçidlər