Şriftin ölçüsü :

Saytın rəngi :

Cəmiyyətimizin öz peşəsini, sənətini ürəkdən sevən zəhmətsevər, əməyə bağlı gənclərə daha böyük ehtiyacı vardır

27 yanvar 2017 | 16:00

Yanvarın 27-də Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun  iştirakı ilə Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirildi.
     Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Qobustan şəhər inzibati ərazi nümayəndəsi Məlikağa Əhədov 2016-cı ildə görülən işlər və 2017-ci ildə qarşıda duran vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdi. Məruzədə qeyd olundu ki, hesabat ilində rayonda  tikinti ,quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərin küçə meydanlarının abadlaşdırılması ilə bağlı təxirə salınmaz tədbirlər gerçəkləşdirilmişdir.
   M.Əhədov bildirdi ki, şəhər əhalisinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və sahibkarlıq fəaliyyətindən ibarətdir. 2016-cı ildə 3348hektar sahədə taxıl biçilmişdir. Bunun 2126 ha sahəsi buğda, 1222 ha sahəsi arpa olmuşdur. Sahələrdən orta hesabla 22,2 sentner məhsul götürülmüşdür. Əhaliyə güzəştli qiymətlə gübrə və 287768,4manat subsidiya verilmişdir. 2017-ci ildə 3382 ha (2012ha buğda, 1370ha arpa) sahədə taxıl əkilmişdir. Hazırda bu sahədə əsas vəzifəmiz ziyanvericilərə qarşı güclü mübarizə aparmaqdır. Bu işləri yerinə yetirmək üçün əhaliyə pulsuz sink-fosfid veriməsi təmin edilmişdir. Lakin etiraf etməliyik ki, siçanabənəzər gəmiricilərə qarşı mübarizə tədbirləri zəif təşkil edilmişdir. 
      Yığıncaqda Qobustan şəhər sakini İrşad Əbilov çıxış edərək bildirdi ki, mən yaşadığım T.İsmayılov küçəsində 20 evə kanalizasiya xətti çəkilməmişdir. Gigiyena və Epidemiologiya Mərkəzinin işçisi Aşur Dəmirov şəhərdə tikinti, abadlıq, su-kanalizasiya sisteminin qurulması və rayon ərazisində  yaşıllıqların salınması üçün oz dərin təşəkkürünü bildirdi. Qobustan MRX-nın tibb işçisi Könül Əzizova tikilməkdə olan yeni xəstəxana binasına görə və şəhərdə gedən əsaslı dəyişikliklərlə bağlı ölkə Prezidentinə və rayon rəhbərliyinə xəstəxananın kollektivi adından öz minnətdarlığını bildirdi. Qobustan şəhər 3 saylı orta məktəbin müəllimi Teyyub Teyyubov şəhər ərazisində yeni salınmış körpü ilə bağlı şəhər sakinləri adından təşəkkürünü bildirdi. Sonda şəhər 3 saylı tam orta məktəbin müəllimi Mirəli Səlimli çıxış edərək bildirdi ki, 46 ildir müəllim işləyirəm. Məktəbimizin binası artıq qəzalı vəziyyətdə idi. Biz müəllimlər və şagirdlər səbirsizliklə  gözləyirdik ki, nə vaxtsa yeni məktəb binası tikiləcək. Artıq arzularımız reallaşdı,  məktəbimizin binası söküldü və yerində günün tələblərinə cavab verən yeni məktəb binası tikilməyə başladı, hal-hazırda işlər davam edir. Buna görə ölkə Prezidentinə və rayon rəhbərliyinə məktəbimizin pedaqoji kollektivi və şagirdləri adından təşəkkürümü bildirirəm.
    Çıxış edən digər şəhər sakinləri də dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi işlərdən razı qaldıqlarını, rayonlarda, qəsəbə və kəndlərdə aparılan quruculuq işlərini bəyəndiklərini bildirdilər.
      Daha sonra Kommunal Müəssisələri Kombinatının direktoru Muxtar Kuryayev, Su Kanal İdarəsinin rəisi B.Mehdiyev, Elekrik Şəbəkəsinin rəisi F.Əliyev, Ağsu Regional Qİİ Qobustan Xidmət sahəsinin rəisi K.Babaşov və başqaları fəaliyyət göstərdikləri xidmət sahələri üzrə vəziyyət, mövcud problemlər, onların həlli yolları barədə məlumat verdilər.
     Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək diqqəti 2017-ci ilin yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasa çəkdi. O qeyd etdi ki,ölkəmizdə cənab prezidentin rəhbərliyi ilə mühüm addımlar atılıb, dünyada iqtisadi problemlərin mövcud olduğu vaxtda bu problemlər Azərbaycandan yan keçib, ölkəmiz öz iqtisadi gücünü nümayiş etdirərək qarşıda duran vəzifələri uğurla həyata keçiribdir. Rayon rəhbəri 2016-cı ildə şəhərin sosial-iqtisadi sahəsində görülmüş işləri geniş şərh edərək 2017-ci ildə həyata keçiriləsi layihələr barədə ətraflı məlumat verdi. RİH başçısı  qeyd etdi ki, dövlət başçımızın diqqət, qayğısı nəticəsində 2016-cı ildə şəhər ərazisində xeyli işlər görülmüş, su və kanalizasiya tikintisi kimi irimiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Şəhərin yeni salınmış yaşayış massivlərinə qaz, işıq çəkilmişdir. Göstərilən diqqət qayğıya görə  şəhər sakinləri cənab Prezidentə minnətdarlıq edirlər. O bildirdi ki, dövlət başçısının bütün tövsiyyə və tapşırlıqları rayonda uğurla icra olunur, şəhər sakinləri öz fədakar əməyi ilə dövlətimizə və dövlətçiliyimizə sədaqətini nümayiş etdirirlər.
      A.Məmmədov vurğuladı ki, aparılan sistemli iş, inkişafın yeni hədəflərinin müəyyən edilməsi onu deməyə əsas verir ki, 2017-ci ildə nailiyyətlərimiz daha da artacaq, şəhərimiz daha da abadlaşacaq, əhalinin rifah halı gündən-günə yüksələcəkdir.
     RİH-nin başçısı şəhər sakinlərinə, ziyalılara gənclərin düzgün həyat mövqeyi seçməsində yardımçı olmağı, onların zərərli vərdişlərdən uzaqlaşmasını hər zaman diqqətdə saxlamağı tövsiyə etdi. Gənc nəsili dünyanı lərzəyə salan dini radikalizm meyllərindən uzaq durmağa səslədi, onun agır fəsadları barədə danışdı. Bu işdə ziyalıların, müəllimlərin, eləcə də ağsaqqalların üzərinə böyük vəzifə düşdüyünü vurğuladı. “Hərtərəfli, inkişaf etmiş insan yetişdirməliyik. Bizim, cəmiyyətimizin yalnız ali təhsilli deyil, öz peşəsini, sənətini ürəkdən sevən zəhmətsevər, əməyə bağlı vətənpərvər gənclərə daha böyük ehtiyacı vardır”,-dedi.
       Tədbirdə mövcud problemlərdən danışıldı, sakinləri maraqlandıran suallar cavablandırıldı, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq təkliflər verildi.

 

Keçidlər