Ərəbqədim kənd əhalisi ilə görüş.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə həll olunmasında Rayon İcra hakimiyyətində keçirilən qəbullarla yanaşı icra başçısının yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul-görüşlərin də böyük əhəmiyyəti vardır.
Növbəti səyyar görüş 2 fevral 2017-cı il tarixdə Ərəbqədim kəndində keçirildi. Səyyar qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə,təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Ərəbqədim kənd İnzibati Ərazi Dairəsinin nümayəndəsinin müavini Saleh Məmmədov əraziyə daxil olan kəndin ərazisi, əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı, əkin sahələrində hal-hazırda görülən işlər barədə məlumat verdi. Kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışdı, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırdı. Ərəbqədim kənd inzibati ərazi dairəsinin mühasibi Firuz Soltanov, kənd bələdiyyəsinin sədr müavini Şahin Əşrəfov, məktəbin direktoru Rüsxət Bəzirov, kənd məscidinin axundu Füzuli Soltanov çıxış edərək kəndin problemlərindən danışaraq təkliflərini bildirdilər.
Daha sonra söz kənd sakinlərinə verildi. Ümumrayon problemi olan ziyanvericilərə qarşı aparılan mübarizə ilə, təsərrüfatla bağlı kənd ağsaqqalı Mahmud Mahmudov çıxış edərək bildirdi ki, biz kənddə yaşayırıqsa, əkinlə də, təsərrüfatla da məşğul olmalıyıq. Bu mübarizə bizim yaxşı yaşamağımız və öz gələcəyimizə sahib olmaq deməkdir. O. vurğuladı ki, ziyanvericilərə qarşı mübarizədə yerli icra və bələdiyyə işçiləri də həmişə əhalinin yanında olmuşdur .
Kənd sakınləri Pərvaz Mustafayev, Ağababa Cavadov Ərəbqədim kəndində keçirilən bu görüşə görə RİH-nin başçısı A.Məmmədova kənd əhalisi adından öz təşəkkürlərini bildirdilər. Qeyd etdilər ki, bu günə qədər pulsuz dərmanla təmin olunmuşuq və öz əkin sahələrimizdə dərmanlama işləri aparmışıq, bu gün də bu iş davam etdirlilir.
Görüşü yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov qobustanlıların həmişə ulu öndərimizin ideyalarına sadiq olduqlarını, ölkə rəhbərinin ətrafında sıx birləşdiklərini bildirdi. İcra başçısı vurğuladı ki, rayonumuzda iş adamları üçün hər cür əlverişli şərait yaradılıb. Qarşımızda duran ən ciddi məsələlərdən biri kənd təsərrüfatını daha da inkişaf etdirilməsinə nail olmaq, ixrac yönümlü məhsulların istehsalını artırmaqdan ibarətdir. A.Məmmədov qaldırılan bütün məsələlərə münasibət bildirdi.
RİH-nin başçısı kəndin potensial imkanlarından səmərəli istifadə edilməsini, əhali ilə tələb olunan səviyyədə sıx işlənməsini tapşırdı. Xüsusilə taxılçılığın, qarğıdalının, günəbaxanın və soyanın inkişaf etdirilməsinin vacibliyindən danışaraq bildirdi ki: “Cəsarətlə deyirəm ki, biz əl-ələ verib işimizi möhkəm qursaq qısa zaman ərzində böyük nailiyyətlər əldə edərik”.
RİH-nin başçısı kənd ziyalılarına, ağsaqqallarına gənclərin düzgün həyat mövqeyi seçməsində yardımçı olmağı, onların zərərli vərdişlərdən uzaqlaşmasını hər zaman diqqətdə saxlamağı tövsiyə etdi. Bizim cəmiyyətimizin yalnız ali təhsilli deyil, zəhmətsevər, əməyə bağlı, vətənpərvər və mübariz gənclərə daha böyük ehtiyacı vardır, -dedi.