Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərə köç edənlərə səslənirəm: “Qayıdın, təbiətin bu dilbər guşəsinə !”

24 may 2017 | 16:00

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası Qobustan rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətini təşkil edir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə həll olunmasında Rayon  İcra hakimiyyətində keçirilən qəbullarla yanaşı icra başçısının yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul-görüşlərin də böyük əhəmiyyəti vardır. Belə ki, sakinlərlə yerlərdə baş tutan hər bir qəbul həmin yaşayış məntəqəsinin problemləri ilə bilavasitə daha yaxından tanış olmaq, əhalinin güzəranı və məşğulluq məsələlərini öyrənməyə imkan yaradır Bundan əlavə icra başçısının tapşırığına əsasən, aparatın bütün idarəetmə strukturu yerlərdə olur, görülən işlərə nəzarət, əməli köməklik edir, əhalinin xeyrində-şərində yaxından iştirak edirlər.

Növbəti səyyar görüş rayonun Ərəbşahverdi kəndində keçirildi. Səyyar qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər. Əvvəlcə Qurbançı kənd inzibati ərazi dairəsinin nümayəndəsi Davud Ağayev əraziyə daxil olan kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər  barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışdı, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırdı. Ərəbşahverdi kənd bələdiyyəsinin sədri Gülpaşa Paşayev, kənd sakinlərindən: Xankişiyev Anar, Xanbiyev Xəzər, İmanov Nazar, Atakişiyev Xanmusa, İsgəndərov İnqilab və başqaları çıxış edərək ilk növbədə kənd younun təmir edilməsinə görə dövlət başçısına, eləcə də RİH-nin başçısı Adil Məmmədova dərin təşəkkürlərini bildirdilər, kəndin problemlərindən danışaraq təkliflər verdilər. Çıxış edənlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf proseslərindən söhbət açaraq ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kursu tamamilə dəstəklədiklərini və qazanılan uğurlarla qürur duyduqlarını söylədilər.

      Qobustan rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər  şöbəsi müdirinin müavini- Dini qurumlarla işin  təşkilatçısı Aftandil Şikarov kənddəki dini məsələlərə münasibətin normal və sabit olduğunu bildirdi.

        Görüşü yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov qobustanlıların həmişə ulu öndərimizin ideyalarına sadiq olduqlarını, ölkə rəhbərinin ətrafında sıx birləşdiklərini bildirdi. İcra  başçısı vurğuladı ki, "Bu gün biz ulu öndərin qurub-yaratdığı müstəqil Azərbaycanın vətəndaşları olaraq dünyada söz sahibinə çevrilmişik və onun uzaqgörən siyasətinin nəticəsini ölkəmizin uğurlarında görürük. Zaman keçdikcə, dünyada baş verən siyasi prosesləri dərk etdikcə, Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün nə qədər cəsarətli addımlar atdığını, nə qədər ağır zəhmət, fədakarlıq hesabına müstəqil Azərbaycan dövlətini qurub yaratdığını daha dərindən dərk edirik. Bu gün ümummilli liderin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir şəkildə dünyaya təqdim olunur, deyərdim ki, bütövlükdə yenidən qurulur, güclü ordumuz formalaşıb.Ümummilli lider bütün sahələrdə islahatlar apardı, torpağı kəndliyə, sahibinə verdi. Elə kəndlərimiz var ki, orada hər adambaşına hektarlarla torpaq payı düşür. Belə olan şəraitdə biz nədən firavan yaşaya bilməməliyik? Biz nədən xaricdən taxıl almalıyıq? Taxıl başlıca strategi məhsuldur. Məlum olduğu kimi dövlət başçısının tapşırığına əsasən respublika ərazisində əkilmiş taxıl sahələrinin real ölçülərinin dəqiqləşdirilməsi, orta məhsuldarlığın təyin edilməsi məqsədilə Qərərgah yaradılıb və bununla bağlı işçi qrupu digər bölgələrdə olduğu kimi rayonumuzda da işə başlayıb. Diqqətinizə çatdırım ki, hər bir fermer və məsul vəzifəli şəxs məsələnin həllinə yaxından kömək etməlidir. Bu işdə səhlənkarlıq, əsası olmayan rəqəmlərin cavab kimi verilməsi, yanlış məlumatlar, bir sözlə məsuliyyətsizlik nəticə etibarı ilə Azərbaycan dövlətinə,  onun hər bir vətəndaşına vurulan ziyan kimi başa düşülməlidir. Mən cəsarətlə deyirəm ki, biz əl-ələ verib işimizi möhkəm qursaq, vaxtında əkin sahələrinə yemləmə gübrələri versək, alaqdan təmizləsək, ziyanvericidən qorusaq qısa zaman ərzində böyük nailiyyətlər əldə edərik. Bir dəfəlik bilməliyik ki, çörək öz təndirimizdə, öz istehsal etdiyimiz undan bişməlidir!”. RİH-nin başçısı bildirdi ki, rayonumuzda sahibkarlar, fermerlər, digər iş adamları üçün hər cür əlverişli şərait yaradılıb.  Qarşımızda duran ən ciddi məsələlərdən biri kənd təsərrüfatını daha da inkişaf etdirilməsinə nail olmaq, ixrac yönümlü məhsulların istehsalını artırmaqdan ibarətdir. Bu məsələnin həllində aqrar rayon olan Qobustan və kənd təsərrüfatının inkişafı üçün çox əlverişli coğrafi mövqeyə malik olan Ərəbşahverdi, Qurbançı kəndindən gözləntilər daha çoxdur. Lakin təəssüflə bildirməliyəm ki, vaxtilə  bu kəndlərdən əhalinin bir hissəsi Bakıya və onun ətrafındakı yaşayış məntəqələrinə köç ediblər. Buradan o insanlara, o ailələrə səslənirəm: Belə gözəl təbiətə malik olan bir məkanı da şəhərin tüstü qoxuyan havasına dəyişmək olarmı? Qayıdın, bu təbiətin dilbər guşəsində yaraşıqlı evlər ucaldın, əkin-biçin, təmiz, saf  hava qəbul edin, uzunömürlü həyat yaşayın!”

Eyni zamanda sakinlər tərəfindən qaldırılan məsələlərə münasibət bildirən başçı aidiyyəti idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verərək icrası ilə şəxsən maraqlanacağını bildirdi.  RİH-nin başçısı kəndin potensial imkanlarından səmərəli istifadə edilməsini, əhali ilə tələb olunan səviyyədə sıx işlənməsini ərazi icra nümayəndəsinə və kənd bələdiyyəsinə tapşırdı.

       

Keçidlər