Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunun Ərəbşalbaş kəndində “İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

19 iyun 2017 | 16:00

     İyunun 19-da Qobustan rayonu İcra hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və  Qobustan rayonu Ərəbşalbaş kəndi “Hacı Gülmalı” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov, Rayon İcra Hakimiyyəti başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Solmaz Mehralıyeva, Ərəbşalbaş bələdiyyəsinin sədri Ramiz Rəhmanov, Ərəbşalbaş kənd tam orta məktəbin direktoru Elçin Orucov, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, dini icmanın sədri Famiz Quliyev, dini icma üzvləri və gənclər iştirak ediblər.
     İftar süfrəsi arxasında baş tutan tədbiri giriş sözü ilə açan Qobustan RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov  2017-ci ilin möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən “İslam Həmrəyliyi İli” elan olunmasından və bunun dünyada sülh yaratmaq missiyasına dövlətimizin töhfəsi olduğunu bildirmiş, İslam həmrəyliyinin tarixi, mahiyyəti və İslam aləmində  bugünkü  aktuallığı barədə söhbət açmışdır. 
     DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli çıxışında ölkəmizdəki mövcud dini durumdan, dindarlarla dövlətin vəhdətindən, eləcə də ölkəmizin dünya birliyindəki və İslam aləmindəki yerindən və rolundan danışıb.
     Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev dövlətin dindarlara qayğısından və onların ibadəti üçün hər cür şəraitin yaradılmasından danışaraq, bu diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.
      Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov və Qobustan RİH başçısının Ərəbşalbaş kənd İƏD üzrə nümayəndəsi Solmaz Mehralıyeva çıxış edərək, ölkəmizdə və rayonumuzda hökm sürən dini sabitlikdən, məzhəblərarası vəhdətdən söhbət açmışdır.
      Dini icmanın sədri Famiz Quliyev dövlət-din münasibətlərindən danışaraq qeyd edib ki, inanclı insanlara dövlət tərəfindən iftar süfrələrinin verilməsi dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsidir.
      Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Keçidlər