17.11.2023-ci il Beynəlxalq Tolerantlıq Günü
Beynəlxalq Tolerantlıq Günü —16 noyabr tarixində Qobustan rayon Xilmilli kəndində qeyd olunub. Qobustan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DİQDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Tolerantlıq Günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, Xilmilli kənd İƏD üzrə nümayəndəliyin əməkdaşları, şəhər və kənd məscidlərinin dini icma sədrləri, din xadimləri, Xilmilli kənd "Molokan ruhani-xiristian" dini icmasının üzvləri və kənd ictimayyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, 16 noyabr Beynəlxalq Tolerantlıq günüdür! Bu tarix 1995–ci ildən UNESCO səviyyəsində dünyanın bir çox ölkələrində Beynəlxalq Tolerantlıq günü kimi qeyd olunur. Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar. Ölkəmiz müasir dünyada nümunəvi tolerantlıq məkanı olmuş və multikulturalizm mərkəzlərindən biri kimi şöhrət qazanmışdır.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada multikulturalizmin və tolerantlığın ən mükəmməl modelini yaradıb.
Ölkəmiz əsrlər boyu ərazisində mövcud olan bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşıb. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi buna misaldır. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır.
Tolerantlıq irqçiliyi, dini dözümsüzlüyü, terror və ekstremizmi birmənalı şəkildə qətiyyətlə rədd edir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir.
Azərbaycanda təkcə kilsələr və sineqoqlar deyil, həm də çoxsaylı xristian və yəhudi ibadət evləri fəaliyyət göstərir. Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, ərazisində müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır.
Azərbaycan torpaqlarında – Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanın müxtəlif bölgələrindən olan azsaylı xalqların nümayəndələri də Vətən qarşısında öz borclarını yerinə yetirmişlər. Azərbaycanda minlərlə ləzgi, avar, talış, yəhudi, rus, saxur və digər azsaylı xalqlar yaşayır. Onlar doğma torpaqlarımızın qaytarılması uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşlar.
Digər millətləri ölkəsindən didərgin salan Ermənistandan fərqli olaraq, Azərbaycan öz ərazisində müxtəlif xalqlar üçün qardaşlıq məkanı olmuşdur. Qeyd edilib ki, hər il noyabrın 16-sı Azərbaycanda da Tolerantlıq günü qeyd olunur.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.