Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Hərbi Xidmətə yola salınır.

07 iyul 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti sərəncamına uyğun olaraq Qobustan rayonunda da gənclərin həqiqi hərbi xidmətə yola salınması uğurla həyata keçirilir.
Budur, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon bölməsinin binası qarşısında böyük canlanma vardır. Hərbi hissələrə yola salınan gənclər ön sıradadır. Vətənə, torpağa olan məhəbbət və bu yolda hər bir çətinliyə sinə gərəcəkləri onların üzündə aydınca hiss olunur. Həmişə gənclərə böyük nəvazişlə yanaşan bölmənin müfəttişi Mehman Mahmudov buraya toplaşanları ümummilli liderimiz heydər Əliyevin adını daşıyan parka dəvət edir və tədbirin orada keçiriləcəyini bildirir. Hami sevincək parka üz tutur.
Öncə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülür və Azərbaycanın Dövlət himni səsləndirilir. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunur.
Tədbirin aparıcısı Zaur Cəfərov sözü ilk olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon bölməsinin rəisi polkovnik-leytenant Mərdan Nəhmətova verir:
Hörmətli tədbir iştirakçıları, əziz çağırışçılar!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin fərmanına əsasən respublikamızın hər yerində olduğu kimi Qobustan rayonunda da həqiqi hərbi xidmətə çağırış kompaniyası keçirilir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu, cənab prezidentin yüksək diqqət və qayğısı nəticəsində inkişaf etmiş, Qafqazın lider ordusuna çevrilmişdir.
Belə ki, ordumuzun hərbi texnikası, silah-sursatı və digər müdafiə xarakterli texnikası, müasir standartlara cavab verən texniki vasitələrlə təchiz olunmuşdur. Sirr deyil ki, ordumuz nizam-intizamına və gücünə görə inkişaf etmiş ordular sıralarında özünə müvafiq yer tutur.
Milli Ordumuzun xidmət personalı mülki işçilərdən təyin olunur. Əsgər heç bir yeməkxana işinə cəlb olunmur, ancaq hərbi texnika, silah-sursat və digər texnikaların öyrənilməsinə cəlb olunurlar.
Keçən il Aprel döyüşləri zamanı bunun şahidi olduq. Həmin döyüşdə ordumuz işğal altında olan torpaqlarımızın xeyli hissəsini düşmən tapdağından azad etdi.
Cəbrayıl rayonunun, Cocuq-Mərcanlı kəndi, Lələ-təpə yüksəkliyi, Talış kəndinin xeyli ərazisi Silahlı Qüvvələrimizin igidliyi nəticəsində işğaldan azad edildi və düşmən çoxlu sayda itki verdi.
Hal-hazırda cənab prezidentimizin diqqət və qayğısı nəticəsində Cocuq-Mərcanlı kəndi yenidən qurulur, müasir tipli binalar inşa olunur və məcburi köçkünlər döğma ata-baba yurdlarına qayıdırlar.
Milli Ordumuzun şəxsi heyətlə təmin olunmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rolu böyükdür. Artıq ordudan yayınma hallarına rast gəlinmir
Əziz çağırışçılar, mənim bir hərbiçi kimi tövsiyəm ondan ibarətdir ki, harada xidmət etməyinizdən asılı olmayaraq, komandirlərinizin tapşırıqlarına riayət edin, hərbi texnikanın sirlərinə yaxından bələd olun.
Həqiqi hərbi xidmətə çağırış kompaniyasının keçirilməsində bizə yaxından köməklik göstərdiklərinə görə  Rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədova, aparatın işçilərinə, hüquq - mühafizə orqanlarının rəhbərliyinə, öz minnətdarlığımı bildirirəm.
Söz Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədova verilir:
Adil müəllim öncə bu gün münasibətilə çağırışçıları və onların valideynlərini təbrik edir. Çıxışında bildirir ki, Azərbaycanda güclü ordu vardır. Ordumuzun potensialı günü-gündən möhkəmlənir və güclənir. Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Hərbi xərclərin artırılması və büdcə xərclərində birinci yeri tutması bizim dövlət siyasətimizin təzahürüdür. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən də cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Qobustanlı gənclər də hərbi xidmətə böyük həvəslə yola düşürlər. Xidmətdən yayınma hallarına qətiyyən rast gəlinmir. Hətta əsgərlərimizin bir qismi hərbi xidmətlərini başa vurduqdan sonra da orada çalışmağa üstünlük verirlər. Döyüş zamanı da böyük şücaət göstərirlər. Məlum Aprel döyüşlərində həmyerlimiz Orxan Müstəcəbov döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu.
Əziz çağırışçılar, sizin hər birinizi bağrıma basıram və bu şərəfli yolda hər birinizə uğurlar arzu edirəm.
Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Hacı Şıxbala Bayramov, müharibə veteranı Altay Əmirov, valideyn Ağazaman Güləliyev çıxış edərək çağırışçılara öz tövsiyələrini verdilər, hərbi xidmətlərini layiqincə yerinə yetirmələrini arzuladılar.
Çağırışçılar adından çıxış edən Vaqif Qədirov  tədbir iştirakçılarını əmin etdi ki, vətənə olan borclarını lazımınca yerinə yetirəcək, hərbi texnikanın sirlərinə yiyələnəcək, Vətən torpağının hər qarışını göz bəbəyi kimi qoruyacaqlar.
Sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirildi. Çağırışçılar bayrağın önündən keçərək onu öpdülər və vətənə sədaqətlə qulluq edəcəklərini bildirdilər.
Bu arada mərhum şairimiz Qabilin aşağıdakı misraları qəlbləri riqqətə gətirdi.
   Yellənsin sülh bayrağı !
   Bu bayrağa kəm baxan
   Həm baxmayan,
                   Həm baxan
   Bədgüman istəmirəm!
   Sevindirsin milləti
   Qoy sülhün şad xəbəri,
   Ümid sənədir ancaq,
   Azərbaycan əsgəri !!! 

Söz musiqiyə verildi. Çağırışçılar valideynlərlə birlikdə rəqs etdilər.
Sonra çağırışçıların bir qrupu xoş sədalar altında hərbi hissələrə yola salındı.

Keçidlər