Qobustan rayonu Ərəbşalbaş kəndində “Hacı Gülmalı” məscidi dini icması “İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirib.
İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ərəbşalbaş kəndi “Hacı Gülmalı” məscidi dini icması “İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirib.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, şəhər “Heydər” məscidinin imamı Çingiz Babaşov, Rayon İcra Hakimiyyəti (RİH) başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Solmaz Mehralıyeva, Ərəbşalbaş bələdiyyəsinin sədri Ramiz Rəhmanov, dini icmanın sədri Famiz Quliyev, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsindən və bu münasibətlə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Natiq həmçinin dövlətin dindarlara qayğısından və onların ibadəti üçün hər cür şəraitin yaradılmasını qeyd edərək, bu diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan şəhər “Heydər” məscidinin imamı Çingiz Babaşov, dini icmanın sədri Famiz Quliyevin çıxışlarında İslamın sülh, əmin amanlıq, birlik bərabərlik dini olması, müqəddəs dinimizin qayəsinin və mahiyyətinin də məhz bundan ibarət olması tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.