Qobustan Rayonu İcra Hakimiyyəti başçısının 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib
Qobustanda rayonunda hesabat yığıncağı keçirilib, 2017-ci ilin altı ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
2017-ci ilin altı ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun məruzəsində, eləcə də müzakirələrdə yarım ildə iqtisadiyyatın, sosial-iqtisadi həyatın ayrı-ayrı sahələrində mühüm işlərin görüldüyü, bir sıra uğurlu nəticələrin qazanıldığı diqqətə çatdırılıb.
Qeyd edilib ki, kənd təsərrüfatı rayonu olan bölgədə taxılçılıq aqrar sektorda aparıcı sahələrdəndir. Cari ilin məhsulu üçün 27173 hektar sahədə taxıl yetişdirilib. Artıq 6019 hektar sahədə buğda, 7190 hektarda arpa biçilib. Təəssüflə qeyd olunub ki, iyunun 1-də rayon ərazisinə düşən dolu 1081 hektar əkin sahəsini tamamilə məhv edib. Əlverişsiz keçən hava məhsuldarlığa da təsir göstərib.
İqtisadiyyatın aparıcı sahələrindən olan heyvandarlıqda yarım ilin nəticələri diqqətəlayiqdir. Hazırda iribuynuzlu mal-qaranın baş sayı ötən ilin müvafiq dövrünə nisbətən artaraq 30592 başa, davarların sayı isə 11510 başa çatıb. Heyvandarlıq məhsulları istehsalı da bütün göstəricilər üzrə artıb.
2017-ci ilin birinci yarımilində rayonda tikinti-quruculuq sahəsində də xeyli iş görülüb. Cəmcəmli kəndində tibb məntəqəsinin, rayon mərkəzində 100 yerlik ikimərtəbəli uşaq bağçasının inşası başa çatdırılıb. Qobustan şəhərində 624 şagird yerlik üçmərtəbəli məktəb binasının, 50 çarpayılıq xəstəxananın tikintisi davam edir.
May və iyun aylarında yağan yağış və güclü dolu Poladlı və Şıxzahırlı kəndlərində yol təsərrüfatına və elektrik xətlərinə ciddi ziyan vurmuşdu. Qısa müddətdə Poladlı kəndində Pirsaat çayı üzərindəki körpü möhkəmləndirilib, elektrik xətləri bərpa olunub. Şıxzahırlı kəndində 2 km yol, 2 körpü yenidən bərpa edilib.
Məruzə və çıxışlarda rayon əhalisinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı, yolların təmiri ilə əlaqədar görülən işlərdən, habelə qarşıda duran vəzifələrdən də ətraflı danışılıb. Həmçinin rayonun Qaracüzlü kəndi ərazisində 1000 hektar sahədə aqroparkın yaradılması, Xilmilli və Təklə Mirzəbaba kəndlərində qazılan subartezian quyularının istifadəyə verilməsi, aqrar sektorda məhsuldarlığın yüksəldilməsi ilə əlaqədar lazımi tədbirlərin görüldüyü diqqətə çatdırılıb.