Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur

02 may 2013 | 15:00

İlham Əliyev Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Prezident İlham Əliyev Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Azərbaycan Prezidenti yol ilə bağlı məlumatları və fotoşəkilləri əks etdirən stendə baxdı.

Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi son illərdə daha geniş vüsət almışdır. Hazırda respublikamızda kənd yollarının inşası da diqqət mərkəzindədir. Bu çərçivədə Qobustan-Xilmilli yolunun yenidən qurulması artıq başa çatdırılmışdır.

Məlumat verildi ki, yolun tikintisinə 2011-ci ilin sentyabrında başlanılmışdır. Bu yol 13 min nəfər əhalinin yaşadığı altı kəndi rayon mərkəzi ilə birləşdirir. Qobustan-Xilmilli yolunun ümumi uzunluğu 23 kilometrdir. Azərbaycan Prezidentinin Sərəncamına əsasən vacib əhəmiyyət kəsb edən həmin infrastruktur obyektinin reallaşdırılmasına 2011-ci ildə 2 milyon, ötən il isə 5,3 milyon manat vəsait ayrılmışdır. Yeni yol Qobustan rayonunun Xilmilli, Sündü, Bəklə, Nabur, Cəyirli və Çalov kəndlərinin sakinlərinin rahat gediş-gəlişinə hərtərəfli imkan yaradır.

Prezident İlham Əliyev burada sakinlərlə görüşdü, yeni yolun açılışı münasibətilə onları təbrik edərək dedi:

-Xoş gördük. Sizi salamlayıram. Yol çəkilibdir, rahatdır, yaxşı istifadə etmək olar. Yol olan yerdə inkişaf və rahatlıq da vardır. Bu, altı kəndi birləşdirən bir yoldur. Özü də yüksək keyfiyyətlə tikilmişdir. Azərbaycan dövləti insanların rahatlığı üçün nə lazımdırsa, onu da edir.

SAKİNLƏR: Çox sağ olun, cənab Prezident. Allah Sizdən razı olsun. Sizə minnətdarıq.

Prezident İlham ƏLİYEV: Əvvəlki yolun vəziyyətini siz hamıdan yaxşı bilirsiniz, gediş-gəliş çox çətin idi, əziyyət verirdi. Amma indi rayon mərkəzinə, Bakıya, digər şəhərlərə rahat gedib-gəlmək olar.

Yol tikintisi Azərbaycanda sürətlə gedir. Əlbəttə ki, biz ilk növbədə əsas şəhərləri birləşdirən yolların tikintisi ilə məşğul olmuşuq. Bakı-Şamaxı yolu yenidən tikilmişdir, indi isə genişləndirilir, dördzolaqlı yol olacaqdır. Yəni, indi Bakı ilə Şamaxı arasında məsafə vaxt baxımından daha da qısalacaqdır. Çünki rahat getmək olacaqdır. Əlbəttə, magistral yolların təmiri və tikintisindən sonra biz kənd yollarının inşası ilə məşğul olmağa başlamışıq və bu yol da bunun gözəl nümunəsidir.

SAKİNLƏR: Gözəldir. Çox sağ olun, cənab Prezident. Sizə minnətdarıq. Allah Sizdən razı olsun, işinizi avand etsin. Sizə təşəkkür edirik, çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Qobustanda 30 yaşayış məntəqəsi vardır. Bu yol altı kəndi birləşdirir. Biz digər dağ kəndlərinə gedən yolları təmir edəcəyik ki, bütün camaat razı qalsın. Sizi bir daha təbrik edirəm.

SAKİNLƏR: Çox sağ olun. Allah sizə cansağlığı versin. Allah işinizi avand etsin. Həmişə Siz gələsiniz.

X X X

Prezident İlham Əliyev sakinlərlə xatirə şəkli çəkdirdi.

X X X

Azərbaycan Prezidenti yeni yolda avtomobili özü idarə etdi.

Xilmilli kəndinin sakinləri ilə də görüşən Prezident İlham ƏLİYEV onların həyat şəraiti ilə maraqlanaraq soruşdu:

-Necə yaşayırsınız?

SAKİN: Əla yaşayırıq. Çox sağ olun. Bizi hər şeylə təmin edirsiniz. Hər şey əladır. Qazımız gəlir, işığımız var, suyumuz da hələlik yaxşıdır.

Prezident İlham ƏLİYEV: Daha da yaxşı olacaqdır. Yol çəkdirmişik, rahat gedib-gəlmək olar. Dolanışığınız necədir?

SAKİN: Lap yaxşıdır. Yaxşı dolanırıq. Hər şeyimiz vardır. Allah Sizdən razı olsun. Biz yaxşı yaşayırıq.

Prezident İlham ƏLİYEV: Yerli hakimiyyət sizə necə baxır?

SAKİN: Lap yaxşı baxır. Cənab Prezident, Allah canınızı sağ eləsin, Sizə uzun ömür versin. Təkcə problem yolumuz idi. Yolumuzu, qazımızı çəkdirmisiniz.

Prezident İlham ƏLİYEV: Hər yerdə, hər bir kənddə hər şey olmalıdır. Əsas yol idi. İndi gözəl yolunuz vardır, magistrala oxşayır.

SAKİN: Bəli, çox yaxşıdır. Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər