Şriftin ölçüsü :

Saytın rəngi :

19 sentyabr 2026-cı il tarixində Qobustanda şəhid Vüsal Şəhriyarovun anım günü qeyd olunub.

19 sentyabr 2026 | 11:34

     19 sentyabr 2026-cı il tarixində Qobustan rayonunun Çalov kəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror tədbirləri zamanı şəhid olmuş Vüsal Şəhriyarovun anım günü qeyd olunub.
     Anım mərasimində Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, YAP Qobustan rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və Çalov kənd sakinləri iştirak ediblər.
     Əvvəlcə şəhid Vüsal Şəhriyarovun məzarı ziyarət olunub, məzarının önünə gül dəstələri düzülüb və şəhidin ruhuna dualar oxunub.
     Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, Vüsal Şəhriyarova Allahdan rəhmət diləyib. Bildirib ki, şəhidlər xalqımızın qürur və fəxr mənbəyidir. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlər xalqımız tərəfindən heç vaxt unudulmayacaq, onların əziz xatirəsi daim ehtiramla yad ediləcək.
     Şəhidin valideynləri dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
     Şəhid Şəhriyarov Vüsal Təbiyyət oğlu 11 dekabr 2001-ci ildə Qobustan rayonunun Çalov kəndində anadan olub. 2008-ci ildə Yaşar Sadıqov adına Çalov kənd ümumi orta məktəbində təhsil almağa başlayıb. 2010-cu ilin yanvar ayında təhsilini A.O. Çernyayevski adına Qobustan şəhər 1 saylı tam orta məktəbində davam etdirib və 2019-cu ildə həmin məktəbi bitirib.
     Vüsal Şəhriyarov 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi hissələrindən birində həqiqi hərbi xidmətə başlayıb. Hərbi xidmət müddətində Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində artilleriya bölməsinin tərkibində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2372 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. 2020-ci ildə hərbi xidmətini başa vuraraq ehtiyata buraxılıb.
     Uşaqlıqdan hərb sənətinə böyük maraq göstərən Vüsal Şəhriyarov 18 fevral 2023-cü ildə yenidən hərbi xidmətə qayıdaraq komando hazırlıq kursuna daxil olub.
     19 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı Xocalı rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
     Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması istiqamətində aparılan hərbi əməliyyatlarda yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Vüsal Şəhriyarov Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2023-cü il tarixli 4158 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Keçidlər