Qobustan rayonu ərazisindəki Acıdərə Türk Şəhidliyinə "Hər gələn bir bardaq su ilə gəlsin" devizi altında yürüş keçirilib
Bakının erməni-bolşevik işğalından və daşnak quldurlarından azad edilməsinin 99-cu ildönümü ilə bağlı Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir.
Respublikamızın ərazisindəki Türk Şəhidlikləri ziyarət olunur, Osmanlı Türkiyəsi Qafqaz İslam Ordusunun Azərbaycan Demokratik Respublikasının yeni yaranmaqda olan milli ordu hissələri ilə birlikdə Bakı və ətraf rayonları erməni-bolşevik işğalından azad etmələri tariximizin şanlı səhifələrindən biri kimi xatırlanır, Türkiyə və Azərbaycanın - sevinci və kədəri bir olan "bir millət, iki dövlət"in tarixi dostluq və qardaşlığının bu gün daha da möhkəmləndiyi qeyd edilir.
Müdafiə Nazirliyi rəsmilərinin, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelik aparatı əməkdaşlarının, hərbi qulluqçuların, müharibə veteranlarının və ictimaiyyət nümayəndələrinin Bakı-Şamaxı yolunda, Qobustan rayonu ərazisindəki Acıdərə Türk Şəhidliyinə yürüşü ötən əsrin əvvəllərində xilaskarlıq missiyası ilə Azərbaycana gələn və erməni-bolşevik qoşunları ilə qanlı döyüşlərdə şəhid olan "mehmetciyin" xatirəsinə əbədi ehtiramın nümayişinə çevrilib.
"Hər gələn bir bardaq su ilə gəlsin" vətənpərvərlik aksiyasının iştirakçıları əvvəlcə Türk Şəhidliyi abidə-kompleksini ziyarət edərək önünə çələng və qırmızı qərənfillər qoyublar. Tənha türk şəhidinin məzarı qarşısında keçirilən xatirə mitinqini açan Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani Göyçay, Kürdəmir, Ağsu, Şamaxı, eləcə də Bakının daşnak quldurlarından azad edilməsi uğrunda gedən döyüşlər haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, bu döyüşlərdə Qafqaz İslam Ordusunun yüzlərlə əsgər və zabiti şəhidlik zirvəsinə ucalıb. Bununla yanaşı həmin dövrdə havaların son dərəcə isti keçməsi, quraqlığın hökm sürməsi, hətta çayların, bulaqların suyunun quruduğu vaxtlarda neçə-neçə döyüşçü susuzluqdan can verib. Şəhidlərin ruhları şad, yerləri sərin olsun deyə anım mərasiminə gələn hər kəs qanla suvarılmış Acıdərəyə bir bardaq su ilə gəlib.
Şəhidlərin xatirəsinə əbədi ehtiram əlaməti olaraq əsgərlər öz su qablarını çıxararaq tənha türk şəhid qəbrinə və vaxtilə qanlar tökülmüş əraziyə su çiləyib və bir an içində bütün aksiya iştirakçıları da onlara qoşulub.