21 noyabr 2026-cı il tarixində Cəyirli kəndində Vətən müharibəsi şəhidi İbadov Murad Yusif oğlunun anım günü tədbiri keçirilmişdir.
21 noyabr 2026-cı il tarixində Cəyirli kəndində Vətən müharibəsi şəhidi İbadov Murad Yusif oğlunun anım günü tədbiri keçirilmişdir.Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Qobustan RİHBA-nın əməkdaşları,YAP Qobustan rayon təşkilatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri və Cəyirli kənd sakinləri iştirak etmişlər. Tədbir zamanı şəhid İbadov Murad Yusif oğlunun məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri qoyulmuşdur.
Murad İbadov 1993-cü il 29 dekabr tarixində Qobustan rayonu Cəyirli kəndində anadan olmuşdur. 2000-ci ildə Qobustan rayonu Cəyirli kəndində Şəhid Rasim Hüseynov adına ümumi orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirdikdən sonra Qobustan rayonu Cəyirli kənd Şəhid Ayaz Quliyev adına tam orta məktəbində təhsilini davam etdirmiş, 2011-ci ildə məktəbi bitirmişdir. Murad İbadov hələ uşaq yaşlarından Vətənə xidməti özünə hədəf seçmişdir. Arzuladığı peşəyə yiyələnmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olmuşdur. 2015-ci il dekabr ayında təhsilini bitirərək 2016-cı il 1 yanvar tarixindən xidmətə başlamışdır. Elə xidmətə başladığı ilk il dörd günlük aprel müharibəsinin iştirakçısı olmuşdur. 2016-cı il dörd günlük müharibədə iştirak etdikdən sonra Tərtər rayonu "N" saylı hərbi hissədə leytenant olaraq xidmətini davam etdirmişdir. 2020-ci ilin 27 sentyabr tarixində başlanmış İkinci Qarabağ müharibəsinə döyüşlərin ilk günlərindən etibarən baş leytenant kimi qatılmışdır. Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılan baş leytenant Suqovuşan istiqamətində gedən qızğın savaşda düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etmiş, Ağdərə istiqamətində gedən döyüşlərdə mühasirəyə düşərək ağır yaralanmışdır.Lakin yaralı olduğuna baxmayaraq, son nəfəsinə kimi düşmənlə mübarizə aparmış və oktyabrın 15-də qəhrəmancasına şəhid olmuşdur. 2020-ci ilin 22 noyabr tarixində anadan olduğu Qobustan rayonu Cəyirli kəndində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tarixli Sərəncamlarına əsasən Murad İbadov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.






