Şriftin ölçüsü :

Saytın rəngi :

23 oktyabr 2026-cı il tarixində Qobustan rayonunda Vətən müharibəsi şəhidləri Hacıyev Sərxan Eldar oğlu və Ağayev Zamin Zülfiqar oğlunun anım günü tədbirləri keçirilmişdir.

23 oktyabr 2026 | 13:11

  23 oktyabr 2026-cı il tarixində Qobustan rayonunda Vətən müharibəsi şəhidləri Hacıyev Sərxan Eldar oğlu və Ağayev Zamin Zülfiqar oğlunun anım günü tədbirləri keçirilmişdir.

  Tədbirlərdə  Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, YAP Qobustan rayon təşkilatının əməkdaşları , Qobustan RİHBA-nın əməkdaşları,hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, digər şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbirlər zamanı Vətənimizin azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, məzarları üzərinə gül dəstələri qoyulmuşdur.

  Qobustan şəhərində Vətən müharibəsi şəhidi Sərxan Hacıyevin anım günü münasibətilə tədbir keçirilmişdir.Sərxan Hacıyev 8 iyul 1990-cı ildə Qobustan şəhərində anadan olmuşdur.Məktəb illərindən vətənpərvərliyi, mübarizliyi və mərdliyi ilə seçilən Sərxan, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanaraq Milli Ordunun kəşfiyyat bölüyündə xidmət etmişdir.  Vətən müharibəsi başladıqdan sonra, 30 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanan Sərxan Hacıyev Xocavənd və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə peşəkarlıqla döyüşmüş, düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində xüsusi şücaət göstərmişdir.  Sərxan Hacıyev oktyabrın 23-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Sərxan Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

  Şəhid Zamin Ağayevin anım tədbiri onun doğulub boya-başa çatdığı Sündü kəndində təşkil olunmuşdur.  Zamin Ağayev 11 may 2002-ci ildə Qobustan rayonunun Sündü kəndində anadan olmuş,  O, hələ məktəb illərindən yüksək nizam-intizamı, nümunəvi davranışları və dərin vətənpərvərlik hissi ilə fərqlənmişdir. 14 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılan Zamin Ağayev, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir. O,oktyabrın 23-də Xocavənd rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş və Sündü kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Zamin Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Keçidlər