Şriftin ölçüsü :

Saytın rəngi :

“Müstəqil Azərbaycanın gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar...”İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

15 noyabr 2017 | 16:00

Beləliklə, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın şəhər və rayonlarının 9-11-ci sinif şagirdlərinin ölkəmizi daha yaxından tanıması, onun tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənməsi, tarixi-mədəni irsimizə sədaqət və hörmət ruhunda tərbiyə olunması, müstəqillik illərində qazanılan nailiyyətləri öz gözləri ilə görmələri üçün 2014-cü ilin avqust ayından başlayaraq Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin təşkilatçılığı ilə şəhər və rayon icra hakimiyyətləri tərəfindən bölgələrə maarifləndirici tur-aksiyalar təşkil olundu. “Ölkəmizi tanıyaq” adı altında 4 mərhələdə 7 istiqamət üzrə keçirilən maarifləndirici tur-aksiyalar Azərbaycanın dörd qütbünü bir nöqtədə birləşdirdi. Naxçıvan MR daxil olmaqla, ümumilikdə 74 şəhər və rayondan 5155 şagird maarifləndirici tur-aksiyalarda iştirak etdi. Xalqımızın milli-mədəni irsi ilə tanış olan yeniyetmələr, eyni zamanda, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərində, tarix-diyarşünaslıq muzeylərində və digər görməli yerlərdə oldular. Tur-aksiyaların əsas istiqamətləri belə idi: Bakı – bölgələr, Naxçıvan Muxtar Respublikası, Gəncə-Şəmkir-Göygöl, Şəki-Qax-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik, Şamaxı-İsmayıllı-Qəbələ, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Fizuli-Tərtər...
Bu layihə, obrazlı desək, məktəblilər üçün Azərbaycanın gözəlliyinə açılan pəncərə, onun tərəqqisini göstərən güzgü oldu. Maarifləndirici tur-aksiyaların proqramı zəngin və əhatəli idi. Azərbaycanın qədim tarixi yerlərinə ekskursiyalar, maddi-mədəniyyət nümunələri, memarlıq abidələri, dini dəyərlərimizi özündə yaşadan müqəddəs məkanlarla tanışlıq, xalqımızın tolerantlığının təsdiqi olan guşələrə, eyni zamanda rayonların müasir görkəmini əks etdirən yerlərə səfərlər təşkil olundu.
    Belə səfərlərdə bizim günü-gündən çiçəklənən,inkişaf edən Qobustan rayon məktəbliləri də ildə iki dəfə iştirak edirlər. Ən əvvəl iki məqama diqqət edək: səfər zamanı məktəblilərin rahatlığı üçün hər şey düşünülmüşdü. Hər ekskursiya qrupu 40 nəfər şagird, 5 nəfər müəllim-müşayiətçi, tibb işçisi daxil olmaqla 45 nəfərdən ibarət olur. İştirakçılar üçün xüsusi geyimlər hazırlanır. Hər cür rahatlığı ilə seçilən müasir avtobuslar da məktəblilərin ixtiyarına verilir. Şagirdlər getdikləri rayonların ən müasir otellərində qalır, gəzdikləri istirahət mərkəzlərinin bütün xidmətlərindən istifadə edirlər və 4 günlük vaxt isə rayonların tarixi, sosial-iqtisadi inkişafı, mədəni mühiti, özünəməxsus adət-ənənələri ilə tanışlıq üçün yetərli idi. Digər bir vacib məsələ: məktəblilər hər yerdə rayonların rəhbər qurumları, ziyalılar, müəllimlər, valideynlər tərəfindən təntənə ilə yola salınır, hər yerdə də eyni ovqatla, eyni əhvali-ruhiyyə ilə qarşılanırlar. Bu, bir tərəfdən ekskursiyaların yüksək səviyyədə təşkilindən, onun əhəmiyyərindən xəbər verirsə, digər tərəfdən xalqımızın əsrlərdən gələn, bu gün də məhəbbətlə qorunan adətinin – qonaqpərvərliyinin, böyük-kiçiyə hörmətin ifadəsi idi.

 

Keçidlər