Şriftin ölçüsü :

Saytın rəngi :

24 oktyabr 2026-cı il tarixdə Qobustan rayonu Sədəfli kəndində Vətən Müharibəsi Qəhrəmanı şəhid Vəliyev Elyar Arif oğlunun anım günü tədbiri keçirilmişdir.

24 oktyabr 2026 | 13:25

   24.10.2026-cı il tarixdə Qobustan rayonu Sədəfli kəndində Vətən Müharibəsi Qəhrəmanı  şəhid  Vəliyev Elyar Arif oğlunun anım günü tədbiri keçirilmişdir.

   Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, YAP Qobustan rayon təşkilatının əməkdaşları, Qobustan RİHBA-nın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri,  şəhidin ailə üzvləri,şəhid ailələri və Sədəfli kənd sakinləri iştirak etmişlər.Tədbir zamanı şəhid Vəliyev Elyar Arif oğlunun məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri qoyulmuşdur.

   Vəliyev Elyar Arif oğlu 17 oktyabr 1991-ci il tarixində Qobustan rayonunun Sədəfli kəndində anadan olmuşdur.

   Hərbi xidmətini başa vurduqdan  sonra Elyar 2010-cu ildən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmətə başlamışdır. Nümunəvi xidmətinə görə o, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.

   2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində xüsusi igidlik göstərən Elyar Vəliyev Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən amansız döyüşlərdə iştirak etmişdir. Döyüşlərin gedişatında Füzuli rayonunun Horadiz kəndi istiqamətində, habelə Cəbrayıl və Xocavənd istiqamətlərində düşmənin çoxlu sayda canlı qüvvəsinin, 12 tankının və hərbi nəqliyyat vasitələrinin, o cümlədən yüksək rütbəli zabitlərin olduğu avtomobillərin məhv edilməsində misilsiz şücaət göstərmişdir.

   Xocavənd rayonu uğrunda gedən döyüşlərdə Elyar Vəliyev, döyüş yoldaşları şəhid olduqdan sonra mərdliklə mübarizəni davam etdirmiş, sursatı tükənənədək düşmənə müqavimət göstərmişdir. O, 19 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış, Qobustan rayonunun Sədəfli kəndində dəfn olunmuşdur.

   Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi müstəsna xidmətlərə və döyüş tapşırıqlarını icra edərkən nümayiş etdirdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Elyar Vəliyevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

 

Keçidlər