Qobustan ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyasının növbəti mərhələsinə start verilib.
16.11.2017-cı il tarixdə Prezident İlham Əliyevin tapşırığına əsasən Qobustan ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyasının növbəti mərhələsinə start verilib. Layihə üzrə tərtib olunan səfər proqramına əsasən noyabrın 16-da Qobustanın 30 məktəbindən 40 nəfərlik qrup Quba şəhərinə yola salındı. Rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirak etdikləri yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və gül dəstələri qoymuşlar.
Yolasalma mərasimində çıxış edən 2 saylı tam orta məktəbin direktoru Abduləzizov Əlibəy Əliqulu oğlu çıxış edərək qeyd etdi ki, bu tur-aksiyası Azərbaycanın bir parçası olan Quba, Qusar, Xaçmaz rayonları, onların zəngin tarixi, bu günü barədə geniş bilgilər əldə etməyə imkan verəcək. Tur-aksiyanın əhəmiyyətindən, məktəblilərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışdı. Daha sonra isə məktəblilərdən Bayramova Əminə Səyavuş qızı və Ağaverdiyev Aydın Habil oğlu Prezident İlham Əliyev cənablarına”Ölkəmizi taniyaq” layihəsinə görə minnətdarlıqlarını bildirdilər. Bu layihə biz məktəblilərə Azərbaycanın bölgələrini qarış-qarış gəzərək orada olan Heydər Əliyev Mərkəzləri, Gənclər Mərkəzləri və tarixi abidələrlə tanış olmağa yaxından köməklik göstərəcəkdir. Məktəblilər Qubada Heydər Əliyev Mərkəzi qarşısında qarşılanacaq. Quba Cümə məscidi, Qırmızı Qəsəbə, Quba soyqırımı Memorial kompleksi, Quba Xalçaçılıq emalatxanası, Tağlı Körpü, şəhərdə gəzinti Xınalıq yolundakı şəlalə, “Rixos” Quba mehmanxana kompleksi, Qolf meydançası ilə də tanışlıq olacaq.
Sonra məktəblilər Qusar rayonuna yola düşəcəklər. Tur-aksiya iştirakçıları Qusar rayonu Heydər Əliyev Mərkəzi, Tarix diyarşünaslıq muzeyi, Olimpiya İdman Kompleksi, Rəsm qalereyası və Bayraq Meydanından Qusar rayonunun panoramasını seyr edəcək və şəhərdə gəzinti keçirəcəklər.
Sonra Xaçmaz şəhərinə yoladüşmə olacaq. Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Dövlət Rəsm Qalereyası, “Şəxsiyyətlər Muzeyi", Çənlibel parkı ilə tanış olacaqlar. Sonra “Şabran Şəhəri” Tarix Qoruğuna ekskursiya edəcəklər.
Müşayiətçi-müəllim Cahid Nəzərov deyib: “Tur-aksiya çərçivəsində şagirdlər nəinki olacaqları rayonlar barədə ətraflı məlumatlandırılacaq, habelə onların gözəl istirahəti üçün də hər cür şərait nəzərdə tutulub. Hər şeydən əvvəl uşaqlara qayğıdan, onların vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarıq”.