Azərbaycan ədliyyəsinin yaranmasından 99 il ötür.
Tədbirdə Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış etdi.
Hörmətli tədbir iştirakçıları!
Hər birinizi ədliyyə qulluqçularının peşə bayramı günü münasibətilə təbrik edirəm!
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə cəmiyyət və dövlət həyatının bütün sahələrində olduğu kimi, hüquqi sahədə də məqsədyönlü islahatlar aparılmağa başlanmış, ölkəmizdə qısa müddət ərzində demokratik prinsiplərə və beynəlxalq tələblərə uyğun mütərəqqi qanun və məcəllələr qəbul edilmiş, əvvəlkindən köklü surətdə fərqlənən yeni məhkəmə sistemi yaradılmışdır.
Ölkəmizdə ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından mühüm vəzifələrdən biri də məhkəmə qərarlarının icra olunmasıdır. Məhkəmə qərarlarının vaxtında və tam icra olunması həm də ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasının vacib şərtlərindəndir. Bunu nəzərə alaraq son illər öikəmizdə məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə köklü islahatlar aparılmış, o cümlədən qanunvericilik bazası yeniləşdirilmiş və 2000-ci ildə Ədliyyə Nazirliyində məhkəmə icraçıları və nəzarətçiləri xidməti yaradılmışdır.
Sonra Qobustan rayon məhkəməsinin sədri Mirələm Quliyev, Qobustan rayon Prokuroru kiçik ədliyyə müşaviri Ramin Hüseynov və Qobustan rayon icra şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Malik Məlikov çıxış edərək bildirdilər ki, məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən, həmçinin onların qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə digər aidiyyəti orqanların aktlarının icrasını həyata keçirən xidmətin formalaşdırılması məqsədilə nazirlik tərəfindən ardıcıl və məqsədyönlü işlər görülmüş, o cümlədən son dövrdə onun yeni strukturu və əsasnaməsi təsdiq edilmişdir. Yerli qurumların maddi-texniki bazası xeyli yaxşılaşdırılmış və böyük əksəriyyəti avtonəqliyyat vasitələri ilə təchiz olunmuşdur.
Ölkə prezidentinin Ədliyyə Nazirliyinə diqqət və qayğısının təzahürüdür ki, İcra xidmətinin səlahiyyətləri artırılmış, müasir texniki nailiyyətlərdən istifadə edərək fəaliyyətinin səmərəliliyi artırılmışdır. Belə ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə qərarlarının icrası xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə işin müasir tələblər səviyyəsində qurulması, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması məqsədilə elektron icra xidməti tətbiq olunmağa başlamış, metodiki köməklik məqsədilə “İcra haqqında” Qanunun Kommentariyası hazırlanmışdır.
Bu gün zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 99 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır. Belə bir əlamətdar gündə ədliyyə və məhkəmə sisteminin nailiyyətlərindən söhbət açmaq olduqca xoşdur. Bu yaxınlarda ölkəmiz Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatına layiq görülmüşdür. Bu da öz növbəsində Azərbaycan ədliyyəsinin beynəlxalq müstəvidə nailiyyətlər əldə edəcək səviyyədə olduğunu bir daha sübut edir.