Şriftin ölçüsü :

Saytın rəngi :

26 fevral 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

26 fevral 2026 | 12:33

26 fevral 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

     Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, YAP Qobustan Rayon Təşkilatının sədri Qasım Qasımov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ailəsi soyqırıma məruz qalmış Xocalı rayonundan məcburi köçkün  Narxanım Məmmədova və oğlu Mürvət Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

     Əvvəlcə Şəhidlər Xiyabanı ziyarət olundu. Daha sonra tədbir Qobustan Rayon İcra Hakimiyyətinin akt zalında davam etdi.  Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş sənədli film nümayiş olundu.

     Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov qeyd etdi ki, xalqımız hər il olduğu kimi, bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir. Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. Artıq şəhidlərimiz kimi Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı.”

     Xocalı soyqırımı Azərbaycan xalqının erməni faşizmi tərəfindən məruz qaldığı ən acı və ağrılı faciədir. Ümumiyyətlə, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl olaraq xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı rəhbərliyinin üzərinə düşür.

     Xocalı erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kulminasiya nöqtəsi idi. Erməni faşistləri aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. 1992-ci ilin fevralın 26-na keçən gecə ermənilər Xocalı şəhərini hər tərəfdən mühasirəyə alaraq əhaliyə misli görünməyən divan tutdular. Azərbaycan tarixinə Xocalı soyqırımı kimi yazılan bu faciə yüzlərlə insanın məhv edilməsi, əsir götürülməsi və şəhərin yerlə-yeksan olunması ilə nəticələndi.

     Xocalıda təkcə insanlara qarşı amansızlıq göstərilməyib, həm də şəhərin orta əsrlərə aid memarlıq abidələri və ümumiyyətlə bütün mədəni irsi məhv edilib. Bir sıra dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar, nəinki Azərbaycan xalqına, həmçinin bəşəriyyətə qarşı törədilmiş bu cinayəti kəskin şəkildə pisləyirlər.

     1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi soyqırım cinayəti nəticəsində 613 Azərbaycan vətəndaşı, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl qətlə yetirilib.

     Xocalı soyqırımının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu qeyd edən A.Məmmədov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səriştəsi və uzaqgörən siyasəti sayəsində nəhayət ki, torpaqlarımız işğaldan azad edildi və işğalçılar layiqli cəzalarını aldılar. Xocalı soyqırımının günahsız qurbanlarının qisası döyüş meydanında alındı. Artıq Xocalıda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Cənab Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub.

     “Böyük Qayıdış” Proqramına əsasən uzunmüddətli işğal dövründə ermənilərin xarabalığa çevirdiyi Xocalı şəhəri inanılmaz dəyişikliklər sayəsində möhtəşəm yaşayış məntəqəsinə çevrilir. İşğaldan azad olunan digər rayonlarımız kimi Xocalıya da böyük qayıdış reallaşıb. Xocalı sakinləri illərdir həsrətini çəkdikləri doğma torpaqlarına əbədi yaşayıb-yaratmaq üçün geri dönüblər.

     Xocalı faciəsinin canlı şahidi Mürvət Məmmədov həmin faciəli günlər barədə məlumat verdi və eyni zamanda bildirdi ki, bu gün qürurla deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və Xocalının da azad olunması xalqımızın tarixi ədalətinin bərpası oldu.

     Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Bir daha 34 il əvvələ qayıdır, o amansız soyqırımı və onun günahsız qurbanlarının xatirəsini yenidən hörmətlə yad edirik.

Keçidlər