27 oktyabr 2026-cı il tarixində Qobustan rayonunun Bədəlli kəndində Vətən müharibəsi şəhidi Nadirov Fədail Fərhad oğlunun anım günü tədbiri keçirilmişdir.
27 oktyabr 2026-cı il tarixində Qobustan rayonunun Bədəlli kəndində Vətən müharibəsi şəhidi Nadirov Fədail Fərhad oğlunun anım günü tədbiri keçirilmişdir. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, YAP Qobustan rayon təşkilatının əməkdaşları, Qobustan RİHBA-nın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri və kənd sakinləri iştirak etmişlər. Tədbir zamanı bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhid Fədail Nadirovun məzarı ziyarət olunaraq üzərinə gül dəstələri qoyulmuşdur.
Fədail Fərhad oğlu Nadirov 23 iyul 1999-cu ildə Qobustan rayonunun Bədəlli kəndində anadan olmuşdur.Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmış və hərbi xidmətini uğurla başa vurmuşdur.
Hərb sahəsinə olan marağı və vətənpərvərliyi onu yenidən ordu sıralarına yönəltmiş və müddətdən artıq hərbi qulluqçu kimi yenidən xidmətə başlamışdır.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissə ilə birlikdə döyüşlərə qatılmışdır. O, Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Fədail Nadirov hərbi hissə qarşısında qoyulmuş döyüş tapşırıqlarını şərəflə yerinə yetirərək 2020-ci il oktyabrın 26-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.Qobustan rayonunun Bədəlli kəndində dəfn olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Nadirov Fədail Fərhad oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə",“Cəbrayılın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.






