Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü münasibətilə Qobustan rayonunda şəhidlərin xatirəsi ehtiramla yad edilib.

27 sentyabr 2026 | 15:06

    27.09.2026-cı il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edərək  abidə önünə gül-çiçək dəstələri qoyub, vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad ediblər.
    Daha sonra Anım Gününə həsr olunmuş tədbir Rayon Gənclər Evində davam etdirilib.
    Konfransda çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov bildirdi ki, sentyabrın 27-si bizim üçün sadəcə bir təqvim günü deyil, bu gün xalqımızın sarsılmaz birliyinin, ordumuzun qüdrətinin və rəşadətli şəhidlərimizin qanı ilə yazılmış tarixi ədalətin bərpa olunduğu gündür. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, məhz 2020-ci ilin sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları ilə həyata keçirildi. Bu müqəddəs mübarizədə canını fəda edən bütün oğullarımız bizim əbədi qürur mənbəyimizdir.  Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. Biz fəxr edirik ki, bu şanlı Zəfərdə Qobustanın da böyük payı, silinməz izi var.  Böyük iftixar hissi ilə qeyd etmək istəyirəm ki, torpaqlarımızın azadlığı uğrunda gedən birinci Qarabağ döyüşlərində rayonumuzdan bir nəfər-Şikar Şikarova Azərbaycan Respublikasının Milli Qəhrəmanı, 44 günlük Vətən Müharibəsində isə iki nəfər – Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi giziri, şəhid Elyar Vəliyevə və digər qürur mənbəyimiz, canlı əfsanə, polkovnik-leytenant Mirdamət Bağıyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilərək, "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif olunmuşdur. Ümumilikdə Qarabağ savaşında rayonumuz 69 nəfər şəhid vermişdir.
    Konfransda şəhid ailələri adından Vətən müharibəsi şəhidi Cahangir Baxışovun anası Validə Baxışova, qazilər adından isə Vətən müharibəsi qazisi Ramil Rəcəbli çıxış ediblər. Çıxışlarda şəhidlərimizin və qazilərimizin göstərdiyi qəhrəmanlıqdan, Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən bəhs olunub.
    Şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan söz açan çıxışçılar dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
    Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Keçidlər