Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustanda ötən ilin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur

22 fevral 2014 | 16:00

Prezident İlham Əliyevin ötən ilin mayında Qobustana səfəri, olimpiya idman kompleksinin, gənclər mərkəzinin, Bayraq meydanının, əsaslı təmir olunmuş Qobustan-Xilmilli yolunun açılışında iştirakı qobustanlıların yaddaşında silinməz iz qoymuşdur. Dövlətimizin başçısının bölgənin qayğıları ilə yaxından maraqlanması, problemlərin həlli üçün verdiyi konkret tövsiyə və tapşırıqlar əvvəlki illərdə olduğu kimi, ötən ildə də sosial-iqtisadi vəzifələrin uğurla yerinə yetirilməsinə, insanların həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr vermişdir.
Bu fikirlər Qobustan Rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat məruzəsində səsləndirilmişdir. Məruzədə, eləcə də çıxışlarda iqtisadiyyatın ayrı-ayrı sahələrində qazanılmış nailiyyətlər geniş təhlil edilmişdir. Qeyd olunmuşdur ki, 2012-ci illə müqayisədə ötən il ümumi məhsul buraxılışı 8,6 faiz, iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı üzrə isə 11,4 faiz artmışdır. Ötən il rayonda adambaşına 1,5 ton olmaqla, 64085 ton taxıl istehsal edilmişdir ki, bu da əvvəlki ildəkindən 11,2 faiz çoxdur.
Xüsusi vurğulanmışdır ki, əsas kapitala yönəldilən investisiyalar 2013-cü ildə əvvəlki illə müqayisədə 61,6 faiz artaraq 27 milyon 457,7 min manata, o cümlədən tikinti-quruculuq işlərinin həcmi 59,6 faiz artaraq 25 milyon 536,6 min manata çatmışdır.
Hesabat məruzəsində toxumçuluq üzrə ixtisaslaşan bölgə təcrübə stansiyasının, M. Hüseynzadə adına Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisəsinin, Qobustan “Aqroservis” filialının taxılçılığın, ümumən bitkiçiliyin inkişafında özünəməxsus xidmətləri olduğu qeyd edilmişdir.
Yığıncaqda ümumtəhsil məktəblərinin, tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı, su təchizatı, yol infrastrukturunun təzələnməsi barədə də ətraflı danışılmışdır. Belə ki, alternativ elektrik enerjisi istehsal edən stansiyanın tikintisi başa çatmış, şəhər ərazisində 630 KVA–lıq transformator qoyulmuşdur. Prezident İlham Əliyevin 2013-cü il 4 dekabr tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına 15 min nəfər əhalinin yaşadığı 6 kəndi birləşdirən Təklə-Sündü –Xilmilli yolunun çəkilişinə başlanılmışdır.
Yığıncaqda cari ildə sosial-iqtisadi sahələrdə qarşıda duran vəzifələr barədə də ətraflı söhbət açılmış və bildirilmişdir ki, qobustanlılar Prezident ilham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha firavan gələcəyi naminə bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.

Keçidlər