Şamaxı və Qobustan Rayon İcra Hakimiyyətlərinin (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinə həsr edilən tədbir keçirilib.
Şamaxı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin, Şamaxı və Qobustan Rayon İcra Hakimiyyətlərinin (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinə həsr edilən tədbir keçirilib.
Əvvəlcə Şəhidlər Xiyabanı ziyarət edilərək, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb. Daha sonra tədbir Şamaxı şəhər “Cümə” məscidində davam etdirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, QMİ-nin səlahiyyətli nümayədələri Mərəhmət Mustafayev və Elşən Rüstəmov, eləcə də Şamaxı və Qobustan rayonundan olan dini icma sədrləri, imamlar və mütəvəllilər iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlar zamanı Xocalı faciəsi haqqında ətraflı məlumat verilərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söylənilib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi siyasət, erməni vandalizminin ifşası istiqamətində uğurlu addımlar bəhrəsini verməkdədir.
Sonda Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib.