Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov tur aksiyası öncəsi şagirdlər, valideyinlər və müşahidəçilərlə görüş keçirdi.
Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov tur aksiyası öncəsi şagirdlər, valideyinlər və müşahidəçilərlə görüş keçirdi. Çıxışında bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın şəhər və rayonlarının 9-11-ci sinif şagirdlərinin ölkəmizi daha yaxından tanıması, onun tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənməsi, tarixi-mədəni irsimizə sədaqət və hörmət ruhunda tərbiyə olunması, müstəqillik illərində qazanılan nailiyyətləri öz gözləri ilə görmələri üçün 2014-cü ilin avqust ayından başlayaraq Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin təşkilatçılığı ilə şəhər və rayon icra hakimiyyətləri tərəfindən bölgələrə maarifləndirici tur-aksiyalar təşkil olunur. Cənab Prezidentimizə regionlarımıza göstərdiyi bu diqqət və qayğıya görə təşəkkür etdi.
Beləliklə, “Ölkəmizi tanıyaq” adı altında 4 mərhələdə 7 istiqamət üzrə keçirilən maarifləndirici tur-aksiyalar Azərbaycanın dörd qütbünü bir nöqtədə birləşdirdi. Belə səfərlərdə bizim günü-gündən çiçəklənən,inkişaf edən Qobustan rayonunun məktəbliləri də ildə iki dəfə iştirak edirlər. Ən əvvəl iki məqama diqqət edək: səfər zamanı məktəblilərin rahatlığı üçün hər şey düşünülmüşdür. Hər ekskursiya qrupu 40 nəfər şagird, 5 nəfər müəllim-müşayiətçi daxil olmaqla 45 nəfərdən ibarət olur. İştirakçılar üçün xüsusi geyimlər hazırlanır. Hər cür rahatlığı ilə seçilən müasir avtobuslar da məktəblilərin ixtiyarına verilir. Şagirdlər getdikləri rayonların ən müasir otellərində qalır, gəzdikləri istirahət mərkəzlərinin bütün xidmətlərindən istifadə edirlər və 4 günlük vaxt isə rayonların tarixi, sosial-iqtisadi inkişafı, mədəni mühiti, özünəməxsus adət-ənənələri ilə tanışlıq üçün yetərli idi. Digər bir vacib məsələ: məktəblilər hər yerdə rayonların rəhbər qurumları, ziyalılar, müəllimlər, valideynlər tərəfindən təntənə ilə yola salınır, hər yerdə də eyni ovqatla, eyni əhvali-ruhiyyə ilə qarşılanırlar. Bu, bir tərəfdən ekskursiyaların yüksək səviyyədə təşkilindən, onun əhəmiyyərindən xəbər verirsə, digər tərəfdən xalqımızın əsrlərdən gələn, bu gün də məhəbbətlə qorunan adətinin – qonaqpərvərliyinin, böyük-kiçiyə hörmətin ifadəsi idi.