29 oktyabr 2026-cı il tarixində Cəyirli kəndində Vətən müharibəsi şəhidi Məmmədov Elxan Bədəl oğlunun anım günü tədbiri keçirilmişdir.
29 oktyabr 2026-cı il tarixində Cəyirli kəndində Vətən müharibəsi şəhidi Məmmədov Elxan Bədəl oğlunun anım günü tədbiri keçirilmişdir. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, YAP Qobustan Rayon Təşkilatının əməkdaşları,Qobustan RİHBA-nın əməkdaşları,hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri və Cəyirli kənd sakinləri iştirak etmişlər. Tədbir zamanı şəhid Məmmədov Elxan Bədəl oğlunun məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri qoyulmuşdur.
Elxan Məmmədov 1998-ci il may ayının 15-də Qobustan rayonunun Cəyirli kəndində anadan olmuşdur.
2005-ci ildə Cəyirli kənd tam orta məktəbində birinci sinfə daxil olmuş, təhsil illərində məsuliyyətli, nizam-intizamlı və çalışqan şagird kimi tanınmışdır.
2016-cı ildə orta məktəbi bitirərək hərbi xidmətə yola düşmüşdür.
Xidmət dövründə Elxan nizam-intizamı, vətənə sədaqəti ilə seçilmişdir. Komandirləri tərəfindən nümunəvi əsgər kimi qiymətləndirilmişdir. Fəxri fərmanlarla təltif edilmişdir.
2018-ci ildə hərbi xidmətini uğurla başa vuraraq tərxis olunmuşdur.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün Vətən müharibəsi başlayanda Elxan da öz döyüş yoldaşları ilə birlikdə əməliyyatlara cəlb olunmuşdur.O, Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərmiş, tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirmişdir.
Füzuli istiqamətində gedən döyüşlər zamanı, 11 oktyabr 2020-ci ildə ağır yaralanan Elxan 18 gün müalicə aldıqdan sonra yaralarının ağırlığı səbəbindən şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Elxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" "Füzulinin azad olunmasına görə " "Cəbrayılın azad olunmasına görə " və "Xocavəndin azad olunmasına görə " medalları ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.






