Qobustan rayonu İcra hakimiyyəti başçısının 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair
İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasın gedişini sizlər izləmisiniz. Mən bəzi məqamlara bir daha diqqətinizi yönəltmək istərdim.
İclasda qeyd olunduğu kimi ilin altı ayında qarşıda duran bütün vəzifələr uğurla icra edilmiş, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bilmiş, həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir. Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, son 15 il ərzində görülmüş işlər xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Seçkilərdən əvvəl keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş “exit-poll”lar rəsmi nəticələrlə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilərdə Azərbaycan xalqının iradəsi tam öz əksini tapmışdır. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir. Onu da qeyd edək ki, rayonumuzda da seçicilərin 86,42 faizi cənab İlham Əliyevi dəstəkləmiş, bununla da qobustanlılar cənab Prezidentin ətrafında günü-gündən daha sıx birləşdiklərini bəyan etmiş, dövlətimizin inamlı sabahına, inkişafına səs vermişlər.
2018-ci ilin birinci yarısı rayonumuz üçün də çox uğurlu olmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının diqqət və qayğısı nəticəsində hazırda rayonumuzda Qobustan rayon Mərkəzi Xəstəxanasının tikintisi, mövcud xəstəxana binalarının təmiri; Xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması;
Yun tədarükü və boyaq bitkilərinin tədarükü məntəqəsinin tikintisi, Qobustan şəhərində 2 nömrəli 100 yerlik uşaq bağçasının tikintisi, 14,5 km uzunluqda Qobustan-Poladlı yolunun çəkilişi uğurla davam etdirilir.
Şıxzahırlı kəndinin qazlaşdırılması və kənddə 96 yerlik modul tipli məktəbin tikintisinə yaxın günlərdə başlanılacaqdır. Əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2018-ci ildə Çuxanlı və Sündü kəndlərində 1 ədəd artezian quyusunun qazılması nəzərdə tutulmuşdur.
Ümumilikdə yuxarıda qeyd olunan məsələlərin həlli üçün cənab Prezidentimiz tərəfindən 30,0 milyon manatdan artıq vəsait ayrılmışdır.
Rayonumuza göstərilən bu yüksək diqqət və qayğıya görə cənab Prezidentimizə bütün qobustanlılar adından öz dərin minnətdarlığımızı bildiririk.