Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr edilmiş anım günü qeyd edildi

12 dekabr 2014 | 16:00

Qobustan rayonunda Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü qeyd edildi. Belə ki, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər idarə, müəssisələrində dekabr ayının 1-dən 10- dək ulu öndərin ruhuna hörmət və ehtiram əlaməti olaraq silsilə anma tədbirlər keçirilmişdir. Ümumtəhsil məktəblərində inşa yazı, rəsm müsabiqələri, ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş disputlar, kompozisiyalar, dəyirmi masalar, mədəni-maarif müəssisələrində kitab sərgiləri, foto-stendlər, oxucu konfransları və həyata keçirilən digər anım tədbirləri xüsusilə gənclərdə Heydər Əliyevin şəxsi nümunəsində əsl azərbaycanlı kimi vətənə, xalqa, torpağa daha sədaqətli olmağı təlqin etmişdir.
    Qeyd edilən tədbirlərin davamı olaraq dekabr ayının 12-də rayonun idarə, müəssisə, təşkilat kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin digər nümayəndələri ulu öndərin adını daşııyan parkda ucalan abidəsi önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdirmişlər.
      Anma mərasimi Gənclər Mərkəzinin konfrans zalında davam etdirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin zəngin və çoxşaxəli həyat, yaradıcılığını, fəaliyyətini əks etdirən məruzə ilə çıxış edərək bildirdi ki: Azərbaycanın 1969-cu ildən başlayan, 30 ildən artıq davam edən bir dövrünə təsadüf edən ən yeni tarixi, həmin illər ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasətçi Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır. Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir. Bu gün hər birimiz o böyük insanı xilaskar, Azərbaycanın milli inkişaf modelinin banisi kimi qəbul edirik.
Bir vaxtlar ulu öndər vətənpərvərliklə deyirdi : “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram”. Bəli, millətini, xalqını ürəkdən sevən bu dahi, vətənpərvər insan özünün sağlamlığını, həyatını müstəqil Azərbaycan uğrunda əsirgəmədi. Ona tuşlanan silahlara mərdliklə sinə gərərək, şərqə günəş kimi doğan müstəqil Azərbaycan dövlətini qurdu. Bu gün bizim hər birimiz, bir azərbaycanlı olaraq nümayiş etdirdiyiniz hörmət və ehtiramımızla bir daha təsdiq edirik ki, Heydər-Xalq, Xalq-Heydər sevgisi daimidir, əbədidir. Hər birimiz dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam!” kəlamını yaxşı xatırlayırıq. Qəlbində xalqına belə sevgi gəzdirən rəhbər xalqının yaddaşında daim hörmətlə, pərəstişlə seviləcək, yad olunacaqdır. O, bizdən cismən ayrılsa da ideyaları, əməlləri həmişə bizimlədir və qəlbimizdə həmişə yaşayacaqdır”.
      Tədbirdə YAP Qobustan rayon  Təşkilatının sədri Füzuli Gülalıyev çıxış edərək bildirdi ki, Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, onun keçdiyi həyat yoluna nəzər yetirdikdə bir xalqın dünəni, bu günü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi son 10 il (1993-2003) Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, geniş miqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edildi. Həmçinin dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazandı. Həmin uğurlu yol bu gün dövlət başçımız tərəfindən inamla davam etdirilir.
    Tədbirdə həmçinin Tibb işçiləri Həmkarlar İttifaqının Qobustan rayon Komitəsinin sədri Kəmalə Zərbalıyeva, Şəhər 1 saylı tam orta məktəbin müəllimi Fərəh Məmmədova çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə  təhsil və səhiyyə sahəsində aparılan islahatlardan, qazanılan nailiyyətlərdən danışdılar. Çıxış edənlər həmçinin Azərbaycanın xilaskarı, YAP-ın qurucusu ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan, xalqı, vətəni üçün misilsiz tarixi xidmətlərindən ürəkdolusu danışmış, bu günkü qüdrətli Azərbaycanın xoş gələcəyindən söhbət açmışlar. Çıxış edənlər eyni zamanda bildirdilər ki, Heydər Əliyev siyasi kursu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla, dövrün və zamanın tələbinə uyğun yaradıcılıqla davam etdirilir.
Tədbirin davamı olaraq ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Ömür yolu” adlı televiziya filmi nümayiş etdirildi.

Keçidlər