Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda fitosanitar vəziyyətin öyrənilməsi məqsədi ilə regional müşavirə keçirilib

23 oktyabr 2018 | 16:00

             Qobustan rayonunda fitosanitar vəziyyətin öyrənilməsi məqsədi ilə regional müşavirə keçirilib
   Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən Qobustan rayonunda “Dağlıq Şirvan bölgəsində fitosanitar vəziyyət, taxıl bitkilərinə ziyan vuran orqanizmlər əleyhinə mübarizənin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər” mövzusunda regional müşavirə keçirilib.
   Qobustan Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov müşavirəni açaraq, 2017-2018 -ci illərdə kənd təsərrüfatının inkişafı sahəsində qazanılan nailiyyətlər barədə məlumat verib.
   A.Məmmədov bildirib ki, bugünkü müşavirə zərərli orqanizmlərə, xüsusilə də siçanabənzər gəmiricilərə qarşı aparılan mübarizəyə töhfə verəcək: “Kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi və məhsuldarlığın yüksəldilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən mübarizə tədbirləri təqdirəlayiqdir”.
“Xüsusi təhlükəli və yüksək risk dərəcəsi yaradan orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və fitosanitar vəziyyətin təhlili” mövzusunda çıxış edən Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov, BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) zərərvericilərin aqrar sahəyə vurduqları zərərlə bağlı hesabat hazırladığını bildirib.
Xidmət rəisi deyib ki, FAO-nun illik hesabatlarına əsasən, hər il zərərli orqanizmlərin təsirindən dünyada 35-40% məhsul itkisi baş verir.

   “Siçanabənzər gəmiricilər və onlar əleyhinə mübarizənin təşkili” mövzusunda çıxış edən Dövlət Xidmətin rəis müavini Yaqub Cəfərov bildirib ki, dövlət fond torpaqlarında fitosanitar balansın pozulmasında siçanabənzər gəmiricilər xüsusi rola malikdir: “Respublikamızda son illərdə gəmiricilərə qarşı mübarizə məqsədi ilə sink fosfid (hər hektarda 75 qram), Garantex (0,5 kq/ha) və Brodifakum (3kq/ha) preparatları tətbiq edilir. Sink-fosfid preparatından istifadə etdikdə gəmiricilərin qidası olan buğda dəni və günəbaxan tumundan istifadə etməklə aldadıcı yem hazırlanaraq tətbiq edilir. Aldadıcı yem hazırlamaq üçün hər 100 kq buğda üzərinə zəhərli maddənin yapışmasını və cəlbediciliyini təmin etmək üçün 3 kq bitki yağı tökülərək qarışdırılır, daha sonra 2,5 kq sink fosfid preparatı əlavə edilərək yenidən yaxşıca qarışdırılır. Hazırlanmış aldadıcı yem bir dəfəlik istifadə edilən kisələrə yığılır, sahəyə daşınır, bir dəfə istifadə olunan qablara doldurulur və qaşıqla hər işlək yuvaya 10-12 ədəd dən qoyularaq ağzı tapdalanıb örtülür”.

“Xəstəlik və zərərvericilər əleyhinə toxumların dərmanlanması zamanı səmərəliliyin artırılması yolları” mövzusunda çıxış edən Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisi Xoşqədəm Ələsgərova toxumların dərmanlamasının üstunlükləri və səmərəsi barədə məlumat verib.

X.Ələsgərova bildirib ki, dərmanlanmış toxumlar sayəsində itkisiz və güclü inkişafa malik  bitkilər əmələ gəldiyindən bütün bitkilərin məhsuldarlığı artır: “Kompleks şəkildə aparılmış dərmanlamalar nəticəsində hətta əlverişsiz şəraitdə belə toxumlarin yaxşı cücərtiləri əmələ gəlir. Düzgün seçilmiş preparatlar toxumun və cücərtilərin bəzi fizioloji proseslərinə təsir etdiyindən bitkinin inkişafını stimullaşdırır.

“Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda çıxış edən Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov pestisdlərdən istifadə zamanı texniki təhlükəsizlkik qaydalarına əməl olunmasının zəruriliyini diqqətə çatdırıb.

Pestisidlərdən yalnız lazım olduqda istifadəsinin vacibliyi barədə danışan D.Sultanov bildirib ki, əvvəlcə fenoloji müşahidələr düzgün təşkil olunmalı, sonra isə xəstəlik və zərərvericilər düzgün təyin olunmalıdır: “Əgər təyinat düzgün aparılmasa, kimyəvi mübarizə zamanı bir çox fəsadlar ortaya çıxa bilər.

Keçidlər