Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən İlinYekunları Müzakirə Edildi

19 fevral 2015 | 16:00

Ötən İlinYekunları Müzakirə Edildi
19 fevral 2015-ci il  tarixdə Rayon İcra  hakimiyyəti başçısının 2014-cü  ilin  yekunlarına dair  hesabat iclası keçirildi. İclasda  Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayon ağsaqqqalları, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak edirdi.
Hesabat iştirakçıları əvvəlcə ulu öndər  Heydər Əliyevin   abidəsini ziyarət edərək, əziz xatirəsini yad etdilər. Sonra   Gənclər Mərkəzinin foyesində rayonun sosial-iqtisadi, mədəni  və aqrar sahədəki inkişafını əks etdirən sərgiyə baxış keçirildi.
Rayon İcra hakimiyyəti başçısının hesabat məruzəsində, eləcə də çıxışlarda ötən ilin bir sıra nailiyyətlərlə, xüsusilə tikinti-quruculuq və abadlıq işləri sahəsində böyük uğurlar əldə olunduğu bildirildi. Diqqətə çatdırıldı ki, Qobustan şəhərində telekommunikasiya qovşağı və poçt binaları, Cəmcəmli kəndində ATS, Ərəbşalbaş və bir sıra digər yaşayış məntəqələrində sahibkarlıq obyektləri, Qarabağ müharibəsi əlilləri üçün 3 fərdi ev tikilib istifadəyə verilib, 2 fərdi evin inşası isə davam etdirilir. Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan başçı bildirdi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına ümumi uzunluğu 17 min 250 metr olan, 5 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yoluna asfalt döşənib, 23 suötürücüsü və 9 dayanacaq quraşdırılmışdır. Ümumi uzunluğu 40 kilometrdən çox olan, 10 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən 2 avtomobil yolu asfaltlanıb. Beş yaşayış məntəqəsini birləşdirən və 5000 nəfərə yaxın əhalinin istifadə etdiyi Qobustan-Poladlı yolunun tikintisi regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilmişdir.
Quraqlıq nəticəsində ötən il kənd təsərrüfatı sahəsində böyük çətinliklər yaşandığını vurğulayan başçı dövlətimizin bu məsələyə ciddi yanaşmasını, yəni Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən fermerlərə növbəti əkin üçün keyfiyyətli toxum verilməsini və nəticədə cari ilin məhsulu üçün 21 min 958 hektar sahədə taxıl əkildiyini diqqətə çatdıraraq qobustanlılar adından ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü, minnətdarlığını bildirdi. Natiq bildirdi ki, qarşılaşdığımız təbii çətinliyə baxmayaraq aqrar sahədə uğurlu nəticələrimiz də yox deyildir. Belə ki, il ərzində rayona 18 taxılbiçən kombayn, 8 şum traktoru, 4 kotan, 3 taxılsəpən texnika gətirilib. Yığıncaqda əhalinin elektrik enerjisi və təbii qazla daha yaxşı təminatı istiqamətində görülən işlərdən də bəhs olundu. Vurğulandı ki, Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi tərəfindən elektrik enerjisinin istehsalı davam etdirilir. Hesabat ilində Mərkəz tərəfindən rayonun elektrik təsərrüfatına 2665882 kilovat-saat elektrik enerjisi verilmişdir.
Rayonda əhalinin içməli su ilə təchizatında da xeyli işlərin görüldüyü qeyd olundu. Belə ki, Yaponiya səfirliyinin ayırdığı qrant hesabına Xilmilli kəndində 15 bulaq tikilərək əhalinin istifadəsinə verilib. Eləcə də, şəhərdə, Nabur kəndində sakinlərin suya olan ehtiyaclarının daha yaxşı ödənilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.
Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər, habelə qaşıda duran vəzifələr də ətraflı təhlil olundu. Əminliklə vurğulandı ki, qobustanlılar 2015-ci ildə daha əzmlə çalışacaq, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrin, Prezident İlham Əliyevin çıxışlarında qarşıya qoyulan konkret tapşırıqların yerinə yetirilməsində əllərindən gələni əsirgəməyəcəklər.
Yığıncaqda Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Dəyanət Abdullayev çıxış edərək, cari ildə qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışdı.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər