Şura iclası 6 yaşı tamam olmuş uşaqların təhsilə cəlb edilməsini müzakirə etdi
Şura iclası 6 yaşı tamam olmuş uşaqların təhsilə cəlb edilməsini müzakirə etdi
Məktəbyaşlı uşaqların icbari ümumi orta təhsilə cəlb olunması ilə bağlı Şura iclası keçirildi. İclası giriş sözü ilə açan Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov bildirdi ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri cənab Zeynal Nağdəliyev tərəfindən Qobustan rayonu İcra hakimiyyətinə məktub daxil olmuşdur. Məktubda bildirilir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən aparılmış məktəbyaşlı uşaqların icbari ümumi orta təhsilə cəlb olunmasının təhlili nəticəsində bir sıra problemlərin mövcudluğu aşkar edilmişdir. Uşaqların təhsil almaq hüquqlarının həyata keçirilməsinin təmin edilməsi məsələsinin yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq 2015-ci ilin sentyabr ayının 15-dək 6 yaşı tamam olmuş uşaqların təhsilə cəlb edilməsi üçün rayon Təhsil şöbəsi və aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlərin görülməsi qarşıda duran prioritet məsələlərdən olduğu üçün Şura iclasının məhz bu məsələlərin həlli istiqamətində həyata keçiriləcək tədbirlərin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırdı.
Mövzu ilə əlaqədar geniş məruzə ilə çıxış edən Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva bildirdi ki, rayonumuzda 18 tam orta, 9 ümumi orta və 3 ibtidai məktəb olmaqla 30 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. İnzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən rayon üzrə 6 yaşı 15 sentyabr 2014-cü il tarixə kimi tamam olmuş 544 nəfər məktəbyaşlının adlı siyahısı məktəblərə təqdim olunmuşdur. Onlardan 522 nəfəri məktəb rəhbərliyi tərəfindən tədrisə cəlb olunmuş, 17 məktəbyaşlı ailəsi ilə birlikdə yaşayış yerini dəyişdiyi üçün (14 nəfər Bədəlli kəndində, 3 nəfər isə Nabur kəndində), 5 nəfər məktəbyaşlı isə fiziki cəhətdən zəif olduğu üçün təhsilə cəlb olunmamışdır. Bundan əlavə, rayon Təhsil şöbəsində yaradılmış komissiya tərəfindən 6 yaşı 15 sentyabr 2014-cü il tarixdən sonra tamam olmuş 8 nəfər istedadlı azyaşlı da təhsilə cəlb edilmişdir.
Rayon Təhsil şöbəsinin müdiri Füzuli Gülalıyev çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə başçımız tərəfindən davam edən təhsil islahatlarının uğurlu nəticələrindən, rayon təhsilinin səviyyəsindən, mövcud problemlərdən və onların həlli yollarından danışdı. F.Gülalıyev Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən gündəmə gətirilən 6 yaşı tamam olmuş uşaqların təhsilə cəlb edilməsi məsələsinin önəmli olduğundan danışaraq rayon Təhsil şöbəsinin mövzunu daim diqqətdə saxladığını vurğuladı. F.Gülalıyev rayon üzrə 30 ümumtəhsil müəssisəsinin 17-nin yenidən tikildiyini və ya əsaslı təmir edildiyini bildirərək, təhsilin inkişafı üçün yaradılan şəraitə görə rayonun təhsil işçiləri adından Prezident cənab İlham Əliyevə minnətdarlıq etdi.
Şura iclasında Nabur kənd tam orta məktəbinin direktoru Zeynal Nurəddinov, Bədəlli kənd tam orta məktəbinin direktoru Mürşüd Şeydayev, Poladlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Balaməmməd Nəzərov, Qurbançı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Davud Ağayev mövzu ilə bağlı çıxış etdilər. Təklə kənd tam orta məktəbinin direktoru Tahir Səbzalıyev çıxışında məktəbdə kiçik yaşlılarla aparılan işlərdən, onların təhsilə cəlb edilməsindən, məktəblilərdə vətənə, torpağa məhəbbət hissinin aşılanmasından danışdı.T.Səbzalıyev Təklə kənd tam orta məktəbində R.Behbudov adına Uşaq İncəsənət Məktəbinin direktoru Zaur Cəfərovun dəstəyi və yaxından köməyi ilə 36 nəfər məktəblidən ibarət rəqs dərnəyinin yaradılmasını da diqqətə çatdırdı.
Müzakirələrə yekun vuraraq çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov məktəblərdə aparılan təmir-tikinti işlərindən danışaraq onların qorunmasına hər bir məktəb direktorunun, müəllimin, hər bir ziyalının məsul olduğunu bildirdi. Təhsil sahəsində görülməsi nəzərdə tutulan işlərə münasibət bildirən başçı, həmçinin Təklə kənd tam orta məktəbində rəqs dərnəyinin yaradılmasının təqdirəlayiq olduğunu diqqətə çatdırdı. Rayon rəhbəri bunu milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin məktəblilərə aşılanması, təbliğ edilməsi, uşaqların dünyagörüşünün düzgün formalaşmasında dəyərli stimul olması kimi yüksək qiymətləndirdi.
Müzakirələrdən sonra İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kəmalə Salamova qərar layihəsini oxudu.