Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak edib

07 may 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə və XX əsrin əvvəllərində  Azərbaycan xalçaçılıq məktəbinə aid nadir xalçalara baxdılar.
Sonra dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
      Bildirildi ki, “Azərxalça” ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.
     Qeyd olundu ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Toxucular Qobustan şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça” ASC-nin burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar.
Buradakı xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalçaçılarla görüşdülər.
Xalçaçılar: Xoş gəlmisiniz, cənab Prezident. Həmişə Siz gələsiniz.
     Müəssisənin açılışı münasibətilə xalçaçıları təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- İlk növbədə, sizi peşə bayramınız münasibətilə təbrik edirəm. Çox şadam ki, bu peşə bayramı günlərində gözəl fabrikin açılışını qeyd edirik. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti üç il bundan əvvəl mənim Sərəncamımla yaradılmışdır. Qarşıya vəzifə qoyulmuşdur ki, ölkəmizin bütün bölgələrində müasir xalça fabrikləri yaradılsın və bu istiqamətdə çox böyük işlər görülüb. Artıq 20 fabrik hazırdır. Ümumiyyətlə, 31 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Hesab edirəm ki, növbəti bir-iki il ərzində qalan fabriklər də istifadəyə veriləcək və beləliklə, Azərbaycan öz qədim sənətini yaşatmaq istiqamətində çox önəmli addım atmış olacaq.
Qobustan fabrikində 150 iş yeri yaradılıb. İşçilərin də mütləq əksəriyyəti qadınlardır. Bu, qadınlar üçün dövlət tərəfindən atılan çox böyük addımdır. Çünki qadınların iş yerləri ilə təmin olunması prosesi xüsusi əhəmiyyət daşıyır. Burada ən müasir avadanlıqlar quraşdırılıb, bütün vasitələr var. Əminəm ki, bu fabrik çox uğurla fəaliyyət göstərəcək. Burada işləyənlər də razı qalacaqlar.
    Azərbaycan öz xalçalarını dünya miqyasında daha geniş şəkildə təqdim edəcək. Bildiyiniz kimi, bizim xalçalarımız dünyanın aparıcı muzeylərində nümayiş etdirilir. Xalçaçılıq bizim qədim sənətimizdir və əsrlər boyu biz bu sənəti yaşadırıq. Çox yaxşı haldır ki, bu sənət nəsildən-nəslə ötürülür. Burada təcrübəli xalçaçılar, gənclər işləyirlər. Əminəm, gənclər də bu işə böyük maraqla, həvəslə qoşulacaqlar ki, biz bu sənəti bundan sonra da əsrlər boyu yaşadaq və Azərbaycan öz xalçaçılıq sənətini dünyaya təqdim etsin. Bu, iş yerləri, qeyri-neft sektorunun inkişafı və ixracyönümlıü məhsulun istehsalı deməkdir. Çünki bu gün ölkəmizin ümumi iqtisadi inkişafı qeyri-neft sektorunun inkişafı ilə sıx bağlıdır. İxracyönümlü məhsulların istehsalı bu gün prioritet məsələlərdən biridir.
    Bilirsiniz ki, bir neçə il bundan əvvəl Bakıda yeni gözəl Xalça Muzeyi yaradılıb. Muzey xalça formasında çox gözəl memarlıq üslubunda yaradılıb. Bütün bölgələrdə 30-dan çox xalça fabrikinin yaradılması bu sahəyə böyük təkan verdi, canlanma gətirdi. Əminəm ki, sizin burada işləriniz uğurla gedəcək. Burada yaradılan şərait ən yüksək standartlara cavab verir.
Bu gün Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışını qeyd etdik. Bu da çox əlamətdar hadisədir. Ən müasir standartlara cavab verən xəstəxanada vətəndaşlara gözəl xidmət göstəriləcək. Rayonda digər sosial layihələr icra edilir. Bu il Qobustan rayonunda 200-ə yaxın ödənişli ictimai iş yeri yaradılacaq ki, bu gün hələ iş tapa bilməyən insanlar o işlərə cəlb olunsunlar. İnfrastruktur layihələri ilə bağlı işlər gedir. Bu gün yeni yol layihəsi istifadəyə verilir. Bütövlükdə son illərdə rayonda üç yol layihəsi icra edilmişdir. Qazlaşdırma 90 faizə yaxındır. Bu da son illərin uğurlu nəticələridir. Elektrik enerjisi ilə bağlı problem yoxdur. Şəhərin içməli su problemini isə biz 2017-ci ildə həll etmişik. Yadımdadır, il yarım bundan əvvəl burada olarkən gözəl tədbir də keçirdik.
Bu səfər mənim Qobustan rayonuna sayca beşinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, rayonun inkişafına böyük diqqət yetirilir. Sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.
    Xalçaçılar: Çox sağ olun.
    Sonda xatirə şəkli çəkdirildi.
X X X
    Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin fəaliyyəti ilə tanış oldular.
Məlumat verildi ki, ümumi sahəsi 1770 kvadratmetr olan məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Dövlətimizin başçısının tapşırığı ilə “Azərxalça” ASC-nin filiallarının, ölkəmizdə fəaliyyət göstərən özəl xalçaçılıq müəssisələrinin yun ipliklə təmin olunması üçün mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” ASC-nin yunəyirici-boyaq fabrikinin inşasıdır. Hazırda fabrikin tikintisi sürətlə davam etdirilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Son illər bu sahənin inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu baxımdan yunəyirici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması idxaldan asılılığı tamamilə aradan qaldıracaq. Tədarük məntəqələri heyvandarlığın inkişafına da öz təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.
Bildirildi ki, regional tədarük məntəqələrində ildə 1500 ton yun qəbul olunacaq. Hər tədarük məntəqəsində 300 ton yun qəbulu nəzərdə tutulub. Qobustandakı tədarük məntəqəsi 14 rayonu əhatə edəcək. Bu məntəqənin imkanlarından Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki şəhərinin və Bakının Qaradağ rayonunun sakinləri yararlanacaqlar. Bu işin yüksək səviyyədə təşkili məqsədilə maarifləndirici tədbirlər də keçirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq.
    Məlumat verildi ki, Qobustanın ərazisi boyaq bitkiləri ilə zəngindir. İnsanlar onları toplayıb tədarük məntəqəsinə təhvil verməklə həm də əlavə qazanc əldə edəcəklər. Həm yun, həm də boyaq bitkiləri il boyu qəbul ediləcək.
Diqqətə çatdırıldı ki, regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənəcək. Yun çeşidləndikdən sonra kipləşdiriləcək, onların üzərinə xüsusi yarlıqlar vurulacaq. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar əksini tapacaq. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı yunəyirici-boyaq fabrikinə təhvil veriləcək.
    Bildirildi ki, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində 25 nəfər daimi işlə təmin olunub.
    Dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət etdi.
    Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər