28 may Respublika günüdür
Tədbir Qobustan rayon Gənclər Mərkəzində keçirildi. Tədbirdə Qobustan RİH -nin başçısının müavinləri və rayon ictimayyəti iştirak etdilər. Sonra tədbir konsert proqramı ilə davam etdi.
Qobustan rayon İcra hakimiyyətinin başçısının müavini Məharət Əkbərov çıxış edərək bildirdi ki, XİX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdir. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad demoktarik dövlət sistemi yaratmağa hazır idilər.
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən istiqlal bəyannaməsi qəbul edildi. Məhz dünyanın məlumunuz olduğu yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi. ölkənin sərhədləri müəyyənləşdirildi, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Xalq Cümhuriyyətinin siyasi və mədəni varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir. Müsəlman aləmində ilk demokratik respublikanın yaradılması çox mühüm bir tarixi hadisə idi. Bundan sonra digər müsəlman ölkələrində respublika quruluşu yaradılsa da, ilk təcrübə məhz Azərbaycan xalqının istedadı, zəhməti, uzaqgörənliyi hesabına mümkün olmuşdur. Çox təəssüflər olsun ki, Azərbaycan cəmi iki il müstəqil ölkə kimi yaşaya bilmişdir. Buna baxmayaraq bu illər ərzində böyük işlər görülmüşdür. O illərdə demokratik təsisatlar qurulmuş, ordu quruculuğu sahəsində böyük işlər görülmüş, qadınlara səsvermə hüququ verilmiş, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbuldakı çıxışında qeyd etdiyi kimi “Əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olacaqdı.
Əfsuslar olsun ki, 1920-ci ildə respublika süqut etdi, Azərbaycanın uğurlu inkişafına son qoyuldu.
Bu yerdə Ulu öndərimiz Heydər Əliyevin söylədiyi müdrik bir kəlam yada düşür. “Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir”.
Bu gün möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz xoşbəxt günlərini yaşayan xalqımızın mətin, cəsarətli, yenilməz, işğal altında olan torpaqlarımızı hər an azad etməyə, Ali Baş Komandanın əmrini şərəflə yerinə yetirməyə hazır olan ordusu vardır.