Müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi
Müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi
12.09.2015-ci il tarixdə Qobustan rayon Gənclər Mərkəzinin akt zalında rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfrans öz işinə Azərbaycan Dövlət Himninin ifa olunması ilə başlayıb. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firidun Qurbanov, Təhsil Nazirliyinin İqtisadiyyat Şöbəsinin müdiri Rauf Orucov və təhsil işçiləri iştirak ediblər.
Konfransda rayon Təhsil şöbəsinin müdiri Füzuli Gülalıyevin 2014/2015-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilib. Bildirilib ki, ötən dərs ilində rayonun 30 ümumtəhsil məktəbində 4817 şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 620 müəllim məşğul olub. Tədris ilində rayonun məktəbliləri müxtəlif respublika müsabiqələrində, fənn olimpiadalarında, idman yarışlarında uğurla çıxış edərək yüksək nəticələr qazanıblar.
Konfransda rayon məzunlarının ali məktəblərə builki qəbul imtahanlarında qazandıqları nəticələrdən də söhbət açılıb. Belə ki, imtahanlarda iştirak edən 154 məzunun 101-i tələbə adını qazanıb. Onlardan 11 nəfər 500-dən, 3 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
Təhsil Nazirinin müavini Firidun Qurbanov, Təhsil Nazirliyinin İqtisadiyyat Şöbəsinin müdiri Rauf Orucov çıxış edərək ölkə təhsilinin yüksək xətlə inkişafından və son illər Qobustan rayonunun təhsildə əldə etdikləri uğurlardan ətraflı danışaraq, rayonun təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulayıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində rayonun ümumtəhsil müəssisələrinin 57%-i yenidən tikilmiş, əsaslı təmir olunmuş və maddi-texniki bazası lazımı səviyyədə möhkəmləndirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı təhsilin inkişafına göstərdiyi bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişdir.
Çuxanlı kənd tam orta məktəbinin direktoru Eyyubov Əmirağa, şəhər 1 saylı tam orta məktəbin müəllimi Ramazanova Xəyalə və ATİAHİ-nın Qobustan rayon komitəsinin sədri Qayıbov Ənvər və başqaları çıxış edərək təhsil sahəsində qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən danışmışlar.
Tədbirin sonunda ali məktəbə qəbul olan 7 nəfər məzun ( 4 nəfər 550- dən və 3 nəfər 600 dən çox bal toplayan) qiymətli hədiyyələrlə və fəxri fərmanlarla mükafatlandırıldı. Eyni zamanda 5 nəfər müəllim də gənc nəslin təlim-tərbiyəsində göstərdiyi səmərəli fəaliyyətinə görə fəxri fərmanlarla mükafatlandırıldı.