Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı tədbir.
Məlumunuz olduğu kimi 31 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilmişdir. Müşavirədə çıxış edən cənab Prezident bildirmişdir ki, ilin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasəti gözəl nəticələr verir.
2019-cu ilin birinci yarısı rayonumuz üçün çox uğurlu olmuşdur. Ən yadda qalan hadisələrdən biri, cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanımın rayonumuza səfəridir. Səfər zamanı müasir xəstəxana binasının, xalçaçılıq emalatxanasının, Regional yun qəbulu və boyaq bitkilərinin tədarükü məntəqəsinin, Qobustan-Poladlı yolunun açılışında cənab Prezident və Birinci Vitse-prezidentin iştirakı, keçirdiyi səmimi görüşlərlə bağlı hamınızın geniş məlumatı vardır.
Cənab Prezidentin səfərdən dərhal sonra imzaladığı sərəncamla 13 km-lik Ərəbqədim-Göydərə yolunun, 360 yerlik Sündü kənd tam orta məktəbinin, 48 mənzilli yaşayış binasının tikintisi üçün ümumilikdə ilkin olaraq 7 milyon manat vəsait ayrılmışdır. Növbəti ildə həmin obyektlər istifadəyə veriləcəkdir.
Bu il rayonda daxili imkanlar hesabına şahmat məktəbinin binası tamamlanmış, Təhsil Nazirliyi tərəfindən inventar və avadanlıqlarla təchiz edilmişdir. Yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Cənab Prezidentin 2018-ci ildə imzaladığı sərəncam əsasında tikintisinə başlanmış 100 yerlik 2 saylı uşaq bağçasının biz açılışını etdik. Sevindirici haldır ki, 2017-ci ildə daxili imkanlar hesabına inşa edilmiş daha bir 100 yerlik bağça da bu il istifadəyə verildi, eyni zamanda Sündü kəndində əlavə bir qrupun açılması təmin olundu. Bununla da bağça yerlərinin sayı bu il 50 faiz artmışdır.
Bütün bunlar möhtərəm Prezidentimizin Qobustana və qobustanlılara göstərdiyi yüksək diqqət və qayğının yalnız bir hissəsidir. Məhz buna görə möhtərəm Prezidentimizə bütün qobustanlılar adından dərin minnətdarlığımızı bildiririk.
2019-cu ilin birinci yarısında Qobustan rayonunun yerli gəlirlər üzrə büdcə proqnozu 55,3 faiz artıqlaması ilə icra edilmişdir. Hüquqi şəxslərin əmlak vergisi 45,7 faiz, hüquqi şəxslərin torpaq vergisi 67,1 faiz, Əlavə Dəyər Vergisi 48,0 faiz, torpaq icarə haqqı 6 faiz, fiziki şəxslərin gəlir vergisi 8,4 faiz, sair daxilolmalar 20,0 dəfə artıqlaması ilə yerinə yetirilmişdir. Bununla yanaşı hüquqi şəxslərin mənfəət vergisi 91,8 faiz, sadələşdirilmiş vergi 61,2 faiz, torpaq icarə haqqı isə cəmi 18,1 faiz icra edilmişdir. Aidiyyəti şəxslər növbəti aylarda sadalanan tədiyyə növləri üzrə də planın 100 faiz icrasına nail olmaq üçün zəruri tədbirlər həyata keçirməlidirlər.