İlk dəfə səsverən gənclərlə görüş
İlk dəfə səsverən gənclərlə görüş
30 sentyabr 2015-ci il tarixdə Qobustan rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi və 22 saylı MnSK-nın birgə təşkilatçılığı ilə Qobustan şəhərində ilk dəfə səsverən gənclərlə görüş keçirildi.
Tədbiri giriş nitqi ilə Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov açıb. O, ilk öncə ilk dəfə seçkilərdə iştrak edən gəncləri salamlayıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da genişləndirilmişdir.
Qadir Əkbərov çıxışının sonunda seçkilərə ilk dəfə qatılacaq gəncləri təbrik edərək əmin olduğunu bildirdi ki, gənclərimiz onlara verilən seçki hüququnu layiqincə qiymətləndirərək builki seçkilərdə yüksək səviyyədə iştirak edəcəklər.
Rayon İcra Hakimiyyətinin məsul işçisi, YAP Qobustan rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Kəmalə Salamova bildirib ki, qarşıdakı parlament seçkilərində gənclərin fəal olması olduqca vacibdir. Ölkə rəhbərliyinin hər zaman gənc nəslin inkişafına, təhsilin yüksəlişinə diqqət və qayğısını xüsusi vurğulayan K.Salamova seçkilərdə ilk dəfə iştirak edəcək gəncləri təbrik edərək, onlara seçki hüququndan düzgün istifadə etməyi məsləhət gördü.
22 saylı MnSK-nın sədri Ağaşiraz Mədətov seçkilərin ölkəmiz üçün vacibliyindən danışdı. İlk dəfə səs verəcək gənclərə Konstitusiyamızla onlara verilən seçki hüququndan düzgün və səmərəli istifadə etməyin yollarını ətraflı şəkildə izah etdi.
Qeyd edək ki, geniş diskusiya şəklində davam edən tədbirdə ilk dəfə seçkilərdə iştrak edəcək gənclərin marağına səbəb olan suallar cavablandırıldı.