Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşlı nəsil milli-mənəvi dəyərlərimizin qızıl fondudur”- Heydər Əliyev

23 yanvar 2016 | 16:00

“Yaşlı nəsil milli-mənəvi dəyərlərimizin qızıl fondudur”- Heydər Əliyev
     Azərbaycanda ağsaqqallar həmişə xalq arasında böyük nüfuza malik olublar, onlar insanlar tərəfindən həmişə hörmətlə qarşılanıblar. Ağsaqqal öz həyat təcrübəsi, təmkini və ağlı ilə el arasında seçilib, həyat üçün mühüm məsələlərin həllində söz sahibi olub. Onların yaşadıqları illərin arxasında böyük həyat təcrübəsi, görülmüş işlər, böyüməkdə olan nəsilə ibrətamiz sözləri, tövsiyələri dayanır.   Yaşlı nəslə böyük dəyər verən dövlətimizdə fəaliyyət göstərən Ağsaqqallar Şurasının əsas vəzifələrindən biri də məhz bu dialoqu təşkil etməkdir.
     22 yanvar 2016-cı il tarixdə  Qobustan rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirildi. Tədbirdə RİH-nin başçısı, Rayon Ağsaqqallar Şurasının üzvləri, ziyalılar və ictimaiyyətin digər nümayəndələri iştirak edirdilər. İştirakçılar əvvəlcə Azərbaycan xalqının böyük ağsaqqalı, ümummilli lideri Heydər Əliyevin adını daşıyan parka gələrək xatirəsini yad etdilər.
     RİH-nin  akt zalında davam edən tədbirdə 2015-ci il ərzində görülən işlər haqqında hesabat məruzəsi ilə Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov çıxış etdi.  Sədr diqqətə çatdırdı ki, Rayon Ağsaqqallar Şurası keçən dövr ərzində rayonun ictimai, siyasi həyatında fəallıq göstərmiş, bir çox məsələlərin həllində yaxından iştirak edərək öz dəyərli təklifləri ilə bir sıra ümumi məsələlərin həllinə köməklik göstərmişlər. 
Rayon ağsaqqallarından Bədəlli kənd sakini Mövsüm, Çalov kəndindən Hacı Həqiqət, Əlfağa Osmanov, Nabur kəndindən el ağsaqqalı, ziyalı Babaxan müəllim, Yekəxana kəndindən Hacı Səyyad, Təklə kəndindən Gülbala Bayramov, Cəmcəmli kəndindən Vəfadar Tahirov,  Şıxzahırlı kəndindən Hacı Kalvalı, Qobustan şəhərindən Ənvər Qayıbov, Təhmiraz Ağayev, Bayım Əsədov, şəhər 1 saylı tam orta məktəbin direktoru İmran Sabirov və başqaları çıxış edərək uğurlu dövlət siyasətimizdən danışdılar. Çıxış edənlər ötən əsrin ağır günlərini, müharibə illərini, müstəqilliyimizin əldə olunması illərini xatırladılar, son zamanlar dünyada baş verən dəhşətli olaylara münasibət bildirdilər. Bütün bunlara rəğmən dövlətimizdə hökm sürən ictimai-siyasi sabitliyə, sosial yönümlü siyasətə böyük dəyər verən ağsaqqallar onu qorumaq üçün xalqımızı birliyə çağırdılar
   Hesabat yığıncağında Heydər Məscidinin axundu Hacı Çingiz Babaşov dini radikalizmə qarşı kəskin mövqeyini bildirdi. O, həmçinin vurğuladı ki,  müsəlmanların müqəddəs kitabı - Qurani-Kərimdə Allah-təala bütün müsəlmanları sülhə, birliyə və vəhdətə çağırır.
    Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi Eminağa Zeynalov qeyd etdi ki, rayon ağsaqqallarının fəaliyyətini çox yüksək qiymətləndirirəm. “Ağsaqqal” sözü tarixən Azərbaycanda dərin məna kəsb edib. Ağsaqqal özünün səriştəsi ilə başqalarından seçilib, lazımi anlarda düzgün yol göstərməsi ilə xalqın işinə kömək edib, böyük nüfuz sahibi olub. Bu gün Azərbaycan ağsaqqallarına diqqət böyükdür, onlar ölkənin həyatında baş verən proseslərdə fəal iştirak edirlər. Heç təsadüfi deyil ki, ölkəmiz ardıcıl inkişaf yoluna qədəm qoyanda da ağsaqqallar bu işə öz töhfəsini verib. E.Zeynalov rayon ağsaqqallarını cəmiyyətimizin daha da saflaşması naminə polislərin işinə yaxından kömək etməyə, gənclərimizi narkotizm bəlasından və digər zərərli vərdişlərdən qurtarmaqda əlbir fəaliyyətə dəvət etdi.
   Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış etdi.  Öz çıxışına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Yaşlı nəsil milli-mənəvi dəyərlərimizin qızıl fondudur”sözləri ilə başlayan A.Məmmədov bildirdi ki, xalqımız ta qədimdən bəri hər zaman ağsaqqal məsləhəti və xeyir-duasına böyük önəm vermiş, ehtiyac duymuşdur. Vətənin müdafiəsinə yollanan, ailə həyatına qədəm qoyan gənclərimiz, uzun səfərlərə gedən və digər böyük işlərə başlayan insanlar həmişə ağsaqqal xeyir-duasına böyük hörmətlə yanaşmışlar. RİH-nin başçısı vurğuladı ki, 2015-ci il Azərbaycan xalqının həyatında əlamətdar bir il olub: “Dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çox böyük uğurlar əldə edib. Hörmətli prezidentimiz Nazirlər Kabinetinin  son iclasındakı çıxışında və Davos İqtisadi Forumunda qeyd etdi ki, dünyanı bürüyən çaxnaşmalar fonunda Azərbaycan 2015-ci ili uğurla başa vurdu, bu il  ölkəmizin həyatında əlamətdar il olub. İqtisadi böhran Azərbaycana ciddi təsir göstərə bilməz. Bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır. Bakı dünyanın ən böyük tədbirlərindən birinə - I Avropa Oyunlarına ev sahibliyi edib. Eyni zamanda, Rusiya kimi böyük dövlətdən sonra medal sayına görə Azərbaycan 2-ci yeri tutub”.  A.Məmmədov bildirdi ki, Azərbaycana düşmən olan qüvvələrin təsiri ilə baş vermiş xoşagəlməz hadisələrin qarşısı dövlətin, eləcə də nüfuzlu  ağsaqqalların dəstəyi ilə alınır: “Bu gün ağsaqqalların tərbiyəsi ilə böyüyən saf, müdrik Azərbaycan gəncliyi var. Onlar Azərbaycanı, azərbaycançılıq ideyasını nümunəvi şəkildə nümayiş etdirir. Bütün bu uğurlara görə sizin hər birinizə təşəkkürümü bildirirəm. Siz ağsaqqalların el arasında böyük nüfuzu var. Mən sizin hər birinizlə fəxr edirəm. Hesab edirəm ki, biz yeni ildə fəaliyyətimizi, səylərimizi birləşdirərək daha da artırmalıyıq”.  A.Məmmədov vurğuladı ki, ötən il Qobustan Ağsaqqallar Şurası rayonun, eləcə də respublikanın  ictimai, siyasi, mədəni həyatında yaxından iştirak ediblər. Hər hansı məsələnin həllində yekun qərar, məsləhət ağsaqqallardan gəlib və insanlar ona əməl eləməyi özlərinə borc biliblər. Ağsaqqal eyni zamanda xalqın ən yaxşı adət-ənənələrinin saxlayıcısı, daşıyıcısı və nəsildən-nəslə ötürücüsüdür, cəmiyyətdə tərbiyəedici nüfuza malikdir. Müasir dövrdə də yeni nəslin tərbiyəsi, cəmiyyətin formalaşması, dövlətimizin inkişafı, onun idarə olunmasında və həyatımızın bütün sahələrində ağsaqqal sözü, ağsaqqal məsləhəti əvəzsiz və istiqamətverici rol oynayır.

    RİH başçısı bəzən mətbuat səhifələrində və onlayn mediada rayonun ziyalılarının, tanınmış şəxslərinin, hətta qadınların ünvanına  deyilən böhtan, şantaj xarakterli yazılara da münasibət bildirərək belələrinə qarşı barışmaz mövqeyini nümayiş etdirdi. Yığıncaq iştirakçıları “belə  nanəciblərə ar olsun” deyərək onlara qarşı ciddi mübarizə aparmağın zəruri olduğunu bildirdilər.

Keçidlər