Şriftin ölçüsü :

Saytın rəngi :

Meşələri yanğından qoruyun.

03 iyul 2020 | 16:00

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizimlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
     Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzən ayrı-ayrı insanların meşə təsərrüfatına qayğısızlığı, onun qorunub saxlanılmasına laqeydliyi meşə ərazisində kortəbii, idarə olunmayan alovun yayılması və bütün ərazidəki  bitki örtüyünün yanması ilə nəticələnən meşə yanğınları törədərək təbiətin bu əvəzsiz nemətinin məhv olmasına gətirib çıxarır.
    Meşə yanğınlarından bəhs ederken xüsusi ilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, isinmək, xörək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb olur. Söndürülmədən kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir.  
     Meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunması zəruridir. Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, elecə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi qadağandır. Küləkli havada tonqalların qalanması xüsusi ilə təhlükəlidir.
    Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı, və digər yanar mayelərə bulaşmış əski və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir.
     Dövlət meşə fondunun, meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin müəssisələr, idarələr təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılmasına icazə verilməməlidir.
    Meşələrdə yanacaq sürtkü yağlarının açıq şəkildə saxlanılması  da yanğın təhlükəlidir.
  Yanğın təhlükəsindən uzaq olmaq üçün meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə müəyyən olunmuş qaydada yığılıb saxlanılmalıdır.
  Turist istirahət zonaları, gənclər və uşaq təşkilatları tərəfindən dövlət meşə  fondu torpağında keçirilən kütləvi tədbirlər zamanı tonqallar yalnız Meşə mühafizəsi və Bərpası müəssisəsinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə qalana bilər. Tonqal heç bir halda ağacın altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və  quru ot olan  ərazidə də od qalamaq olmaz. Tonqalı söndürüb oranı tərk edən zaman közün üstü torpaqla örtülməlidir. Söndürülmüş tonqaldan tüstü və ya buxar çıxarsa, onda aralanıb getmək, tələsmək olmaz. Gedərkən əmin olmaq lazımdır ki, tonqal tam sönüb və sonrdan alışma ehtimalı yoxdur.
     Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərdən təmizlənməsi təmin edilməli, meşə ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. Bütün bunlarla yanaşı meşələrimizlə əlaqəsi olan hər bir vətəndaş təbiətin  bu əvəzsiz sərvətinin yanğın təhlükəsizliyinin qayğısına qalmalıdır.

      FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN
      DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİNİN
      1-ci ƏRAZİ DÖVLƏT YANĞIN NƏZARƏTİ İDARƏSİ

 

Keçidlər