Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçiriləcək.

13 iyul 2020 | 16:00

Dünyanı cənginə almış COVID-19  pandemiyasına qarşı mübarizə ilk gündən hər bir ölkəni regional və qlobal çərçivədə birliyə, həmrəyliyə xidmət edən tədbirlərin gücləndirilməsinə çağırış etdi. Daim birləşdirici mövqeyi ilə dünyanın diqqətində olan Azərbaycan bu müddətdə həm daxili, həm xarici həmrəyliyə xidmət edən təşəbbüslərini reallıqda təsdiqləməsi ilə diqqət çəkdi. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının videokonfrans şəklində Zirvə görüşləri keçirildi, dünyaya “COVID-19-a qarşı birlikdəyik” mesajı ünvanlandı. Bu kimi addımlar beynəlxalq səviyyədə Azərbaycana və Prezident İlham Əliyevə olan böyük inamın və etimadın göstəricisi kimi dəyərləndirildi. Cənab İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə Görüşündə bu reallığı diqqətə çatdırdı ki, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə COVID-19-a qalib gəlmək mümkündür.

Dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, “Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi? Yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq”. Azərbaycan Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsinə nail olmaqla iki əks qütbün – Avropa İttifaqı ilə Qoşulmama Hərəkatının koronavirus pandemiyasına qarşı bir araya gətirilməsinə müvəffəq oldu.Cənab İlham Əliyevin fikirlərinə istinad etsək, Azərbaycan dünyanı birləşdirir. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər dünya birliyi tərəfindən birmənalı şəkildə yüksək qiymətləndirilir və təqdir edilir.

Vurğulamaq lazımdır ki, Azərbaycan dövləti bu çağırışı da etdi ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir.

BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin qurumun Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi bir daha beynəlxalq birlik tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu və yeri göz qabağındadır. Daim ədalət meyarını öndə saxlayan, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan Azərbaycan qlobal məsələlərin həllində öz dəstəyini göstərməyi xarici siyasətinin prioritet istiqaməti kimi qəbul edib. Əsas məqsəd regionda və dünyada sabitliyin, təhlükəsizliyin, yüksək rifahın təmin edilməsidir.

      Hər bir məsələdə seyrçi mövqedə dayanmağa üstünlük verən işğalçı dövlətin sağlamlığa böyük zərbə vuran bir xəstəliyə qarşı mübarizəyə də qoşulmaması dünya dövlətləri tərəfindən lazımi şəkildə dəyərdəndirilməyəcəksə, bu, artıq Ermənistanın başına sığal çəkilməsinin növbəti təzahürü kimi qəbul oluna bilər. İşğalçı dövlət qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay edir. Bu günə qədər BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymayan Ermənistana buna görə də “gözün üstə qaşın var” deyilməməsi təcavüzkar dövlətdə böyük arxayınlıq yaradır. Hansı ki, hazırda pandemiyanın ağır nəticələrini daha çox hiss edən ölkələrdən biri Ermənistan özüdür.

Azərbaycanın 130 ölkənin dəstəyini qazanan bu təşəbbüsü bir daha ölkəmizə olan münasibəti, etimadı ortaya qoyur. Azərbaycan daim böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri qurur, bu münasibətləri yeni-yeni istiqamətlər üzrə inkişaf etdirir. Dünya dövlətləri tərəfindən BMT-nin Baş Katibinə ünvanlanan məktublarda da Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü dəstəklənir və vaxtında verilmiş, çox ehtiyac duyulan addım kimi dəyərləndirilir.

Göründüyü kimi, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu artırmaqdadır. Ölkəmiz öz təşəbbüsləri, praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında əlaqələrin inkişafına, qlobal koronavirus pandemiyası ilə mübarizədə bütün səylərin səfərbər olmasına töhfələrinin davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısının davamlı təşəbbüsləri və bu təşəbbüslərin reallıqda öz əksini tapması bunu bir daha təsdiqləyir.

Keçidlər